Accessibility links

Bakıdan Türkiyə ilə Ermənistan arasındakı dialoqlara reaksiyalar 


Azərbaycanın siyasi dairələrində Türkiyənin Ermənistanla yaxınlaşması və iki ölkə arasında sərhədlərin açıla biləcəyi barədə məlumatlardan naharatlıqlar səslənməkdədır.

Bu həftə ölkənin iki yüksək səviyyəli rəsmisi – parlament sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov Ankara ilə Yerevan arasında mümkün sövdələşmənin Bakının maraqlarına zidd olduğunu bəyan ediblər.

Bu arada isə prezident İlham Əliyevin də sabah Türkiyədə keçiriləcək “Mədəniyyətlər İttifaqı” sammitində iştirakdan imtina etdiyi bildirilir.

Yerli xəbər agentlikləri Turan, Apa və digərləri yazırlar ki, İstanbula getmək istəyinin olmaması Anrakanın Ermənistanla sərhədləri açmağa hazırlaşmasına etiraz jesti kimi dəyərləndirilə bilər.

Türkiyənin “Hürriyət” qəzeti isə belə bir iddia ilə çıxış edib ki, Yerevan və Ankara Bakının ehtiyat etdiyi razılaşmanı əldə etsələr, Azərbaycan Türkiyəyə qaz nəqlini dayandıra bilər.

Müxalif Müsavat partiyasının lideri İsa Qəmbər hesab edir ki, Azərbaycanın siyasi iqtidarının Türkiyə-Ermənistan münasibətlərinə reaksiyası adekvat deyil. Cənab Qəbmər Amerikanın səsinə bunları deyib:

“Şəxsən mən düşünürəm ki, sərhədlərin açılması söhbəti bu gün üçün real deyil. Sadəcə olaraq, bu, yaranmış şəraitdə Türkiyənin öz maraqları çərçivəsində atdığı mürəkkəb siyasi-diplomatik addımların bir elementidir. Ermənistana bu şəraitdə nələr təklif edilib və Yerevan nələrə razılaşacaq, qonşu dövlətlərin mövqeyi nədən ibarətdir, böyük ölkələrin bu prosesə münasibəti necə olacaq, bunlar hamısı şərtdir və prosesin tərkib hissəsidir. Hərə öz maraqlarından çıxış edərək, addımlar atır. Azərbaycan da öz maraqlarından çıxış etməlidir. Məncə, Azərbaycan hakimiyyəti sadəcə olaraq, işğal olunmuş torpaqların azad edilməsi üçün real heç bir iş görmür və öz cəmiyyəti qarşısında özünü müdafiə etmək üçün günahı başqalarında axtarmağa çalışır, o cümlədən də Türkiyənin cəhdlərində günah axtarmağa çalışır...”

Bu arada, Türkiyənin rəsmi Anadolu xəbər agentliyi prezident Abdulla Gülün Ankaranın Ermənistanla sərhədlərini aprelin 16-da açacağı barədə xəbərləri yalanladığını bildirir.

Cənab Gül NATO sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında eyni zamanda, ölkəsinin Qafqazda həyata keçirdiyi çoxtərəfli siyasi kursun önəmini vurğulayıb.

Belə görünür ki, Abdulla Gülün bu bəyanatı Bakıdakı siyasi narazılıqlara müəyyən dərəcədə su səpə bilib.

Amerikanın səsi radiosu Azərbaycan Parlamentində hakim partiyanl təmsil edən deputat Aydın Mirzəzadə ilə əlaqə saxlayıb. Cənab Mirzəzadə xidmətimizə bunları dedi:

“Bu məsələyə artıq nöqtə qoyuldu. Türkiyə rəhbərliyi elan etdi ki, Ermənistan Dağlıq Qarabağ və ətraf zonadan qoşunlarını çıxarmayınca, sərhədlərin açılmasından söhbət gedə bilməz. Beləliklə, hesab edirəm ki, bu gün Azərbaycan ictimaiyyətini narahat edən hər hansı məsələ yoxdur”.

Sual: Aydın müəllim, belə başa düşdük ki, Azərbaycandakı narahatlıqlar yalnız Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ehtimalından irəli gəlirdi, eləmi?

Cavab: Bəli, bu barədə müəyyən narazılıqlar vari idi. Çox təəssüf ki, Türkiyə tərəfindən məsələ ilə əlaqədar yüksək səviyyədə bəyanatlar verilmirdi. Lakin artıq yuxarıda istinad etdiyim bəyanatlar bu məsələlərdə real mənzərəni Azərbaycan tərəfi üçün aydınlaşdırır.

Sual: Lakin Türkiyə ilə Ermənistan arasında yaxınlaşma göz qarşısındadır. Tərəflər bir-birinin ünvanına müsbət mesajlar səsləndirirlər və aralarında gediş-gəliş mövcuddur.

Cavab: Artıq bu məsələlərdə Azərbaycan ictimaiyyəti məlumatlıdır. Və Azərbaycan bunu Türkiyənin daxili işi kimi qiymətləndirir.

XS
SM
MD
LG