Accessibility links

Azərbaycanda 2 jurnalist azadlığa buraxıldı


Bu gün Azərbaycanda iki jurnalist - «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit və «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili həbsdən azad ediliblər.

Mirzə Sakit iki il əvvəl narkotik saxlamaq ittihamı ilə həbs olunmuşdu. Jurnalistin özü isə hakimiyyəti tənqid edən şerhlərinə görə həbs edildiyini bildirirdi.

Sakit Azərbaycan parlamentinin ötən ay qəbul etdiyi amnistiyaya düşüb. Lakin o, amnistiyadan imtina haqqında ərizə yazıb.

Jurnalist Amerikanın səsinə müsahibəsində həbsdən buraxılmasını “gecikmiş qərar” adlandırıb:

“Bu, gecikmiş qərardır. Hətta bu qərara görə hökümət məndən üzr istəməlidir. Halbuki, onlar məndən nəsə təşəkkür gözləyirdilər. Artıq sabahkı Azadlıq qəzetində növbəti şerhim dərc olunacaq”.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili isə iki gün əvvəl Yasamal rayon Məhkəməsində Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iddiası ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Lakin bu gün onun apellyasiya şikayətinə baxılarkən azad olunması barədə qərar çıxarılıb. Reptort baş redaktorun ona böhtan atdığını, şərəf və ləyaqətini təhqir etdiyini iddia etmişdi.

Cənab Mərzili az əvvəl Amerikanın səsinə bunları deyib:

“Dövlət başçısına minnətdarıq ki, məsələyə müdaxilə olundu və barəmizdə ədalətsizlik göstərərək, hökm çıxarmış hakimin qərarı dərhal ləğv olundu və həmin işi icraata götürmüş hakimlərə də məhkəmə qərarı ilə şiddətli töhmət verildi”.

Asif Mərzilinin rəhbərlik etdiyi qəzetlə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədliyə isə 6 aylıq icbari iş kəsilmişdi. Apellyasiya Məhkəməsinin qərarı ilə Zümrüd Məmmədliyə kəsilmiş icbari iş də ləğv edilib.

XS
SM
MD
LG