Accessibility links

İlham Əliyev gələn həftə Moskvaya gedəcək


Amerika prezidenti Barak Obama Türkiyəyə gedəcəyini elan edəndən az sonra, Abdullah Gül İlham Əliyevlə Tehranda görüşərək, Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını müzakirə etdilər.

O zaman Tehranda olmuş türkiyəli jurnalist Cengiz Çandar indi sual edir ki, bəs Obama Türkiyədə olarkən Əliyevin etiraz əlaməti olaraq İstanbula yolanmaması və eləcə də Azərbaycanda türk-erməni əlaqələri əleyhinə qiyamət qoparılması nəyin nəsidir?

Bunları Çandar bu gün Hürriyət qəzetindəki məqaləsində yazır.

Jurnalist hesab edir ki, Türkiyə-Ermənistan diplomatik əlaqələrinin qurulması və Qarsda sərhədlərin mümkün açılma ehtimalı gərək Azərbaycanda heç bir sürpriz doğurmamalı idi.

Çünki, Ankara lap əvvəldən Yerevanla danışıqlarını ən xırda detallarına qədər Bakıya nəql edib.

Çandar xatırladır ki, Türkiyə-Ermənistan dialoqu Obamanın səfərindən də çox-çox əvvəl – 2007-ci ildə başlayıb.

Jurnalistə görə, Türkiyənin bu müzakirələrdə Azərbaycanı Ermənistana dəyişməsi kimi məsələ nəinki mövcud deyil, hətta belə bir məsələ haqqında danışmaq belə haqsızlıqdır.

Buna görə də, jurnalist indi Bakıdakı etirazların Azərbaycanın daxili ictimaiyyətinə yönələn bir davranış olması fikri ilə razılaşmır.

“Ağla gələn ilk fikir budur ki, Bakı Rusiyaya xoş gəlməyə çalışır” – deyə Çandar yazır.
Jurnalistə görə, Azərbaycanda qaldırılan hay-küyün mesajı Ankaraya yox, Moskvaya ünvanlanıb.

Bakı ruslara demək istəyir ki, “sizin rəyiniz olmadan Cənubi Qafqazda heç bir şey olmaz. Biz Azərbaycan olaraq bunun fərqindəyik. Qardaş dediyimiz Türkiyənin və ABŞ prezidenti Obamanın cəhdləri olsa belə, sizə nə qədər önəm verdiyimizi göstərmək istəyirik».

Qarabağ dialoquna toxunun Çandar qeyd edir ki, Azərbaycanla Ermənistan bu problemin həllində işləri son məqama kimi aparıblar, son razılaşma isə çox güman ki, məhz Rusiyanın üzündən ləngiyir.

Çandar onu da qeyd edir ki, çox güman özünün demarşı ilə Bakı, eyni zamanda Vaşinqtonun diqqətini çəkmək istəyirdi. Yoxsa, İraqda olarkən Barak Obama İlham Əliyevə zəng etməyə niyə ehtiyac duysun ki?

Elə bu arada, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 16-17-də Moskvaya səfər edəcəyi məlum olub.

Rusiya prezidentinin rəsmi saytında dərc olunan xəbərə görə, səfər işğüzar xarakterlidir və prezident Medvedevin dəvəti ilə baş tutur.

Vaşinqtondakı Ceymstaun Fornundan Əmrullah Uslu bu gün dərc olunan “Ankara-Yerevan yaxınlaşması Türkiyənin Azərbaycanla əlaqələrini gərginləşdirir” başlıqlı məqaləsində prezident Əliyevin hazırkı vəziyyətdə enerji kartı ilə oyun oynadığını yazır.

Belə ki, bir qədər əvvəl mətbuatda Türkiyənin Qarabağ problemi həll olunmadan sərhədləri açacağı halda, bu ölkəyə qaz nəqlinin dayandırılacağı bildirilirdi.

Vaşinqtondakı United Press Internationalın yazarı Con Deyli isə qeyd edir ki, Rusiyanın əsas istəyi Azərbaycanın əli ilə “Nabukko” layihəsinə son qoymaq və Bakının qazını bütünlüklə Rusiyaya satmağa razı salmaqdır.

Martın 27-də Qazpromla SOCAR arasında 2010-cu ildən nəqlinə dair imzalanmış niyyət protokolunu Deyli “spesifik ” adlandırır.

Belə ki, bu saziş Qərblə Rusiya arasında qaz rəqabətinin gücləndiyi bir dövrdə baş tutub.

Müəllifə görə, Azərbaycanın bu rəqabətdə şimal qonşusuna üstünlük verməsi iki amillə bağlıdır.

Birincisi, ötən il Rusiya ilə Gürcüstan arasında baş verən müharibə, ikincisi isə iqtisadi amillər. Belə ki, neft qiymətlərinin enməsi və qlobal böhran artıq Azərbaycanda da təsirlərini göstərməyə başlayıb.

Müəllif daha sonra tarixə ekskurs edir, Azərbaycanın iştirakı ilə indiyədək regionda gerçekləşmiş enerji layihələrini xatırladır.

Deylinin gəldiyi qənaət belədir ki, əvvəllər Azərbaycan bu layihələrin reallşamasında geosiyasi amillərə üstünlük verirdisə, indi kommersiya önə çıxıb.

Belə ki, Bakı daha Qərbin enerji istehlakçılarına yeganə sual verir: “Mənə pulunuzu göstərin”.

Deyliyə görə, tezliklə Qərblə Amerika bir sualın üzərində düşünəcəklər: “Kim Azərbaycanı itirdi”?

XS
SM
MD
LG