Accessibility links

Loren Şits: ‘Mixail Saakaşvili əvvəlki aksiyalardan bəzi nəticələr çıxarıb’


2007-ci ilin sonlarında Gürcüstanda prezident Mixail Saakaşvilinin əleyhinə etiraz nümayişləri keçiriləndə, hakimiyyət aksiyaları dağıtmaq üçün polis dəyənəklərini işə saldı.

O zamankı böhran nəticəsində Saakaşvili istefa verməli oldu və ölkədə erkən seçkilər keçirildi.

İndi Gürcüstanda müxalifət yenidən ayağa qalxıb. Yerli siyasətçilər bunu 2003-cü ildə hakimiyyətə gəldiyi andan bəri, prezident Saakaşvili üçün ən ciddi sınaq adlandırırlar.

Elə bu günlərdə Amerikanın səsinə müsahibə vermiş Gürcüstan müxalifətinin lideri Nino Burcanadze də aksiyaların miqyasının indiyədək görünməmiş səviyyədə geniş olduğunu iddia edib.

Bu arada isə, Gürcüstan parlamentinin spikeri David Bakradze parlamentin bugünkü iclasında deyib ki, hökümət etirazçılarla dövlət qurumlarının nümayəndələri arasında təmasları mümkün qədər azaltmağa çalışır.

Onun sözlərinə görə, məqsəd nümayişlərin açıq qarşıdurmaya keçməsinə imkan verməməkdir.

Lakin Gürcüstandakı hadisələri yaxından izləyən beynəlxalq ekspertlərin heç də hamısı etiraz aksiyaları ilə əlaqədar nikbin deyillər.

Hazırda Tbilisidə olan Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Amerikanın səsinə müsahibəsində Tbilisi küçələrindəki mənzərəni belə təsvir edib:

“Müxalifət çoxlu sayda insanı- 150 mindən çox insanı küçələrə çıxaracağına söz vermişdi. Biz aksiyaların ilk günündə 50 mindən artıq insanın iştirakını görürdük və məncə gözləntilər bir qədər çox idi. Növbəti günlərdə parlament binasının qarşısındakı küçəni bağlayan insanların sayı 30 minə düşmüşdü. Məncə, müxalifət insanların sayının azalmasından məyus olub”.

Loren Şitsə görə, hazırda Tbilisidə aksiyaların tədricən sönməyə doğru istiqamətlənməsi müşahidə olunur.

Özü də maraqlıdır ki, bu müddətdə hakimiyyətlə müxalifət arasında etirazçıların tələblərinə dair heç bir dialoq keçirilməyib.

Əslində belə dialoqu Saakaşvili rəqiblərinə təklif etmişdi, ancaq müxalifət bunu rədd etdi.
Əvəzində hakimiyyətin keçmiş müttəfiqləri Saakaşviliyə qarşı etimadsızlıq aksiyasına çağırdılar.

Cənab Lorenə növbəti sualımız bir il əvvəlki etiraz aksiyaları və seçkilərdən sonra Gürcüstanda demokratiya və söz azadlığı istiqamətində vəziyyətin düzəlib-düzəlmədiyi barədə oldu:

“Məncə, Mixail Saakaşvili 2007-ci ilin noyabr ayında aksiyalara aparan səbəblərdən bəzi nəticələr çıxardı. Əgər söz azadlığından bəhs etsək, xüsusilə də keçmiş Sovetlər Birliyinə mənsub olan ölkələrdə insanlar televiziyaların təsiri altına düşürlər. Buna görə də hökumətlərin bu vasitədən istifadə etdiyi heç bir şübhə doğurmur. Gürcüstanın timsalında demək olar ki, hökumət televiziyası olan Birinci kanal dövlətin siyasətini təbliğ edir. Lakin müxalifətə məxsus iki telekanal da mövcuddur. Ümumilikdə ictimai debatlar, eləcə də Nino Burcabnaze kimi müxalifət liderlərinin baxışlarını əks etdirən reportajlara rast gəlmək olar. Lakin xəbər bülletenləri hökumətə loyal mövqedən çıxış edirlər. Bu, şübhə doğurmur”.

Amerikanın səsinə müsahibəsində Loren Şits sonda onu da deyib ki, Gürcüstan kimi Qafqazın digər dövlətləri- Azərbaycan, Ermənistan və Rusiya da Sovetlər Birliyi dövründə hakim olan idarəetmə dəyərlərindən hələ də tam xilas ola bilməyiblər.

XS
SM
MD
LG