Accessibility links

İsa Qəmbər: ‘Türkiyə-Azərbaycan münasibətlərinin axsamasına yol vermək olmaz’




Azərbaycanın aparıcı müxalifət partiyasının lideri İsa Qəmbər Ankara ilə Bakı arasında yaranmış son gərginliklərlə əlaqədar diskussiyalara qatılmaq üçün bu gün İstanbula yollanıb.

Cənab Qəmbər bu dəqiqələrdə türk telekanallarından birində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və siyasi gündəmin digər aktual problemləri ətrafında çıxış etməyi planlaşdırır.

Amerikanın səsi radiosu az əvvəl İsa Qəmbərlə telefon əlaqəsi yarada bilib.

Cənab Qəmbər xidmətimizə deyib ki, hazırda Ankara ilə Bakı arasında yaranmış soyuqluq kifayət qədər mürəkkəb vəziyyətdən xəbər verir və buna birtərəfli yanaşılmamalıdır.

Onun fikrincə, problemin kökü Azərbaycan və Türkiyənin hakimiyyət dairələri arasındakı etimadsızlıqdan irəli gəlir:

“Belə situasiyaların dərmanı aşkarlıqdır. Bütün məsələlər açıq danışılmalıdır. Bilinməlidir ki, söhbət nədən gedir. Beləliklə də, bu mərhələ artıq çox uzandı və aşılmalıdır. Türkiyə-Azərbaycan münasibətlərinin axsamasına yol vermək olmaz”.

“Azərbaycanda nəyə görə Türkyiə liderlərinin son bəyanatlarına etimad bəslənilmir?” sualına cənab Qəmbər belə cavab verib ki, əslində Azərbaycan ictimaiyyəti Türkiyədən heç bir xəyanət gözləmir.

Onun fikrincə, burada ən vacibi hakimiyyətlərin davranışıdır. Belə ki, məhz onların qərarları situasiyaya təsir edir:

“Təbii ki, bu həssas məsələdə həm Türkiyə, həm Azərbaycan rəhbərliyinin dəqiq olmasına ehtiyac var. Lakin bir məsələ diqqətdən qaçır ki, axı bu problemlərin kökündə Ermənistanın işğalçı siyasəti dayanır…”

Müxalifət lideri onu da deyib ki, son baş verənlər demokratik ölkələrə habelə Azərbaycanda ictimai rəyin rolunu nümayiş etdirib:

“Bir qayda olaraq, demokratik dövlətlər Azərbaycan və Ermənistan kimi ölkələrlə davranışlarında yerli ictimai münasibətləri nəzərə alırlar. Ancaq bəzən azad dünyanın ölkələri yanlış təsəvvürə uyğunlaşmağa başlayırlar ki, bəlkə elə belə yaxşıdır, bu ölkələrdə yalnız bir nəfərlə danışıb məsələləri həll ermək daha asan olacaq. Ancaq bu aldanış son problemlərin tomsalında özünü açıq şəkildə göstərdi”.

Amerikanın səsinə müsahibəsində İsa Qəmbər habelə onu da vurğulayıb ki, prezident İlham Əliyevin bu yaxınlarda Türkiyəyə səfərdən imtina etməsi fonunda onun sabah Rusiyaya gözlənilər səfəri “xeyir gətirən gediş deyil”.


XS
SM
MD
LG