Accessibility links

Azərbaycan Rusiya ilə Qərb arasında


Maliyyə böhranı şəraitində Rusiya təsir dairələrindəki mövqeyini qorumağa çalışır. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Moskvaya səfəri də bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentlərin görüşü zamanı müzakirə olunan başlıca məsələlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Azərbaycan təbii qazının Rusiyaya satılması olub. Rusiya mətbuatı habelə bildirir ki, Rusiya Azərbaycana silah satmağı planlaşdırır. Bir
müddət əvvəl Ermənistana 800 milyon dollar dəyərində silahın verilməsi iddiası və hazırda Azərbaycana rus silahlarının satışı, Amerika prezidenti Barak Obamanın Türkiyə səfəri ilə geosiyasi təsir baxımından dəyişikliyə məruz qalan regionda cəbhələşməsinin sürətləndirilməsi anlamına gələ bilər. Ancaq Xəzər Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə isə hesab edir ki, Moskvanın Azərbaycana silah satmaq istəyinin əsasında maliyyə böhranı durur: “Böhran Rusiyanı möhkəm silkələdib. Ona görə Rusiya Azərbaycana silah da satmağa hazırdır, bundan əlavə Rusiya
Azərbaycanı yaxşı bir bazaar kimi də istifadə edir. Ancaq Moskva Bakı və Yerevanı təhdid altında saxlayır. Nə hərb, nə sülh vəziyyəti Azərbaycanı Rusiyadan asılı edir”.Rusiya Cənubi Qafqazın iqtisadi baxımdan ən güclü dövləti olan Azərbaycan vasitəsi Gürcüstana da təsir göstərməyə çalışır. NATO mayın 6-dan iyunun 1-nə kimi 19 ölkədən 1300 əsgərin iştirakı ilə Gürcüstanda təlimlər keçməyə hazırlaşır. Moskva isə Alyansı bu hərbi manevrləri təxirə salmağa çağırır.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Azərbaycanı öz təsiri altına salmağa çalışmasına baxmayaraq, rəsmi Bakının nə Gürcüstan, nə də Ukrayna siyasətində dəyişlik olacağı gözlənilir: “Azərbaycan Rusiyaya suverenliyə toxunmayan güzəştlər edir. Rusiya da bu güzəştlərdə maraqlıdır. Digər tərəfdən Azərbaycan həmişə Gürcüstana kömək edib. Gürcüstan Azərbaycanı Türkiyə, Qərb və dünya bazarları ilə birləşdirən bir ölkədir”.

Ekspert habelə hesab edir ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri Bakı ilə Moskva arasındakı yaxınlaşmanı əks etdirmir. Dağlıq Qarabağ məsələsinə dair vəziyyətin dəyişməz qalacağını söyləyən cənab Quluzadə Azərbaycanın Qərbin və Türkiyənin müttəfiqi kimi qalacağına əminliyini ifadə edib. Azərbaycanda Türkiyə əleyhinə kampaniyanın əsasında Ermənistana sərhədlərin açılması məsələsi durur ki, bu da analitik fikrincə, Türkiyənin hər zaman konstruktiv dəyişikliklərə gedə bilməsini dünyaya nümayiş etdirməsini nəzərdə tuturdu.

Azərbaycan bütün Mərkəzi Asiya ehtiyatları üçün bir növ butulkanın tıxacı rolunu oynayır. Qərb bu tıxacın açılmağına çalışsa da, Rusiya buna maneə olmağa çalışır. Bu istiqamətdə Rusiya, hətta hazırki maliyyə böhranı fonunda belə, Azərbaycan qazını dünya bazarları qiymətinə almağa razılıq verir. Bu da sözsüz ki, Nabukko layihəsinin qarşısının alınmasına yönəlib: “Rusiyanın əsas məqsədi Nabukkonu iflas etdirməkdir. Əslində Rusiya buna nail ola bilməyəcək. Moskva Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməməsi üçün əlindən gələni etdi. Ancaq heç bir şey alınmadı. Ona görə mən hesab edirəm ki, Nabukko tikiləcək, Azərbaycan, Türkmənistan, İraq qazı Nabukkonu dolduracaq. Bu, artıq yola düşməyə hazır olan real bir lahiyədir”.

Vəfa Quluzadənin sözlərinə görə, Rusiya Azərbaycanı məcbur edə bilmədi ki, Bakı bütün qazını Qazproma satsın. Şah-dəniz yatağının zəngin olduğunu bildirən ekspert Azərbaycanın bu qazın bir qismini Rusiyaya satmaqla Moskvanı razı salacağını deyir. Digər qaz ehtiyatları isə Nabukko kəməri vasitəsilə Qərbə gedəcək. O hesab edir ki, hazırda Azərbaycanın yürütdüyü diversifikasiya siyasəti düzgün və ağıllı siyasətdir.

XS
SM
MD
LG