Accessibility links

Sərhədsiz Reportyorlar Təşkilatı Roksana Saberinin həbsinə etiraz edir


İran məhkəməsi jurnalist Roksana Saberini 8 il azadlıqdan məhrum etdi. 31 yaşlı jurnalist ikili vətəndaşlığa malikdir - həm Amerika, həm də İran vətəndaşıdır.

Bu ilin yanvar ayında həbs olunana qədər Saberi Amerikanın İctimai radiosu üçün reportajlar hazırlayırdı, o eləcə də BBC üçün çalışırdı.

Saberi Birləşmiş Ştatların xeyrinə casusluq etməkdə ittiham olunur. ABŞ Dövlət Departamenti isə bu ittihamı əsassız adlandırıb.

Dövlət katibi Hillari Klinton dünən jurnalistin barəsində çıxarılmış qərardan təssüfünü bildirib və deyib ki, ABŞ hökuməti bu məsələ ilə əlaqədar narahatlıqlarını İrana çatdırmaqda davam edəcək.

Saberinin atası Reza Saberi də qızı haqqında çıxarılmış qərarı pisləyərək, Roksananın yalan etiraflar verməklə, aldadıldığını bəyan edib.

Vəkili jurnalist haqqında çıxarılmış qərardan şikayət edəcəyini bildirib.

Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatından Reza Moini deyir ki, onun təşkilatı Roksana haqqında çıxarılmış saxta hökmə etiraz edir və hesab edir ki, bu qərar hətta İranın öz qanunvericiliyinə uyğun gəlmir.

Moini deyir ki, məhkəmənin hökmü İranın cinayət məcəlləsinin 501 və 502-ci maddələrinə uyğun gəlmir və bu qərar hətta Saberiyə qarşı irəli sürülmüş ittihama adekvat deyil.

Ancaq onun dediyinə görə, bağlı qapılar arxasında keçirililmiş məhkəmə prosesində jurnalistə özünü müdafiə etmək üçün də imkan verilməyib.

Londonda yerləşən İran və Ərəb Araşdırmalar Mərkəzinin iranlı eksperti Əli Nurizadə isə deyir ki, İran Obama Administrasiyasının Saberi və digər ikili vətəndaşlığı olan şəxslərin həbsinin Tehranın insan haqları praktikasını pozması barədə siqnallarını düzgün başa düşməyib.

Belə ki, Tehran bununla ötən il özünün dediyi kimi, ABŞ-ın Kürdüstanda həbs etdiyi iranlıları azad etməyə nail olmaq istəyirdi.

Nurizadə deyir ki, Saberinin həbsi siyasi xarekterlidir və İran hökuməti ona qarşı heç bir inandırıcı dəlil irəli sürə bilmir.

Ekspertin sözlərinə görə, Roksana heç bir yanlış iş tutmayıb. O, sadəcə öz işini görüb və bu yaradıcılıqla bir neçə ildir ki, məşğuldur.

Nurizadə deyir ki, əgər jurnalistin günahı lisenziyasız fəaliyyət göstərmək idisə, onda bunun cəzası 8 il həbs yox, müəyyən məbləğdə cərimə və yaxud 3 aylıq şərti cəzadır.

Son məlumatlara görə, İran prezidenti Mahmud Əhmədinejad Tehran prokurorunu Saberinin işini ədalətlə araşdırmağa çağırıb.

İranın rəsmi İNRA xəbər agentliyinin dünən yaydığı xəbərə görə, Əhmədinejad dövlət ittihamçısına göndərdiyi məktubda qeyd edir ki, Roksana Saberi və digər jurnalist ədalətli mühakimə olunmalıdır və onlara azad və hüquqi şəkildə özlərini müdafiə etmək imkanı verilməlidir.

Ağ Evin dünən yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Saberinin həbsi qərarından dərin təəssüf hissi keçirib.

Prezident Obamanın Milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Dennis Makdona Saberinin sırf jurnalistika ilə məşğul olmuş amerikalı jurnalist olduğunu deyib.

XS
SM
MD
LG