Accessibility links

İlham Şaban: ‘Azərbaycan enerjidən həm qazanc, həm də siyasi alət kimi istifadə etməyə çalışır’


Dünən Bolqarıstanda işini başa vuran beynəlxalq enerji sammitinin yekun sənədində Avropanın enerji təhlükəsizliyində Xəzər bölgəsinin geosiyasi əhəmiyyəti qeyd olunur.

Azərbaycanı Sofiya tədbirində əvvəlcə prezident İlham Əliyevin təmsil edəcəyi söylənilsə də, son anda konfransa Bakıdan yalnız Sənaye və energetika nazirinin qatıldığı məlum olub.

Görüşün sonunda qəbul edilən bəyanatda göstərilir ki, bütün tranzit ölkələr qaz təchizatının təmin edilməsinə zəmanət verməlidirlər, belə ki, indi əsas məsələ enerji ixracının sabitliyinə nail olmaqdır.

Bakıdan iqtisadi məsələlər üzrə ekspert İlham Şaban hesab edir ki, əslində Azərbaycan enerji ixracında çoxistiqamətlilik siyasətini rəhbər tutur, belə ki, hazırda bu ölkənin avtomobil yanacağı hətta Nigeriya və Toqo kimi dövlətlər də daxil olmaqla, dünyanın 35 ölkəsinə ixrac edilir.

Bunun yaxşı tərəfi beynəlxalq bazarın çoxşaxəliliyidirsə, mənfi tərəfi isə iqtisadiyyatın siyasiləşməsidir.

Belə ki, İlham Şabana görə, indi Azərbaycan daxili və xarici siyasətini təkcə enerjiyə kökləyib:
“Hakimiyyət bütün xarici iqtisadi və siyasi əlaqələrində enerjidən həm qazanc, həm də ki, siyasi alət kimi istifadə etməyə çalışır”.

Amerikanın səsinə müsahibəsində cənab Şaban diqqəti ona yönəldib ki, enerji siyasətində Qərb istiqaməti həmişə Azərbaycan üçün etibarlı seçib olub.

Ölkə rəsmiləri bunu daxilə və xaricə yönələn bəyanatlarında əsas ünsür kimi qeyd ediblər.
Son vaxtlarda isə Bakı ilə Ankara arasında ikincinin Yerevanla təmaslarından dolayı yaranan siyasi soyuqluq fonunda mətbuat Azərbaycanın qaz ixracında daha çox Rusiyaya meylləndiyini yazır.

İlham Şaban isə bunu real saymır: “Azərbaycan və onun tərəfdaşları bir qaz hasilatçısı kimi, yalnız o bazarda maraqlıdırlar ki, həmin bazarın qaza tələbatı bir neçə onililliklər boyu stabil olsun və onların maliyyə vəziyyəti yaxşı olsun, inkişaf templəri isə şübhəyə yer açmasın. Bu baxımdan analizlər göstərir ki, ən yaxşı prioritet bazar Avropa bazarıdır”.

Ancaq ekspertə görə, qlobal istisadi böhran, vahid idarəetmənin olmaması və eləcə də digər amillərdən dolayı Avropa Azərbaycanla nəzərdə tutulan enerji layihələrini aktiv istiqamətləndirə bilmir.

Belə ki, hələ heç kəs faktiki olaraq böhranın hansı mərhələdə olduğunu və gələcək illər üçün mümkün fəsadlarını göstərə bilmir.

Bütün bunlar isə infrastruktur layihələrinin maliyyələşdirilməsində risklər yaradır.

Məsələn, istər Bakıda, istərsə də Avropada Şah-Dəniz yatağının ikinci fazası üzrə kommersiya sazişinin bugünədək imzalanmamasından dolayı narahatlıqlar, İlham Şabana görə, obyektiv deyil. Səbəbini isə ekspert belə izah edir:

“O yataqdan qazı biz 2015-ci ildən çıxarğı planlaşdırırıq. Belə olan halda, 6 il öncə kommersiya sazişinin imlzalanmasının heç bir əhəmiyyəti yoxdur. Sadəcə, belə şeyi etməklə biz Rusiyanı, İranı və digər ölkələri üzərimizə qaldıra bilərik. Əksinə, indi bunun üzərindən sükutla və diplomatiya ilə keçmək lazımdır ki, sonra müttəfiqləri real olaraq müəyyənləşdirə bilək ki, kiminlə oturub iş görmək olar”.

O ki qaldı, prezident İlham Əliyevin Sofiya sammitinə getməməsinə, İlham Şaban bunu demarş saymır.

Ekspertin fikrincə, Avropada enerji layihələrinin gələcəyini müəyyənləşdirən əsl müzakirələr hələ qabaqdadır. Azərbaycanı isə yaxın ayların mürəkkəb enerji konfiqurasiyası fonunda birdəfəlik seçim etmək qərarı gözləyir.

XS
SM
MD
LG