Accessibility links

Donuz qripinə qarşı Azərbaycan da tədbirlər görür


Azərbaycanda Donuz qrupu virusundan yayınmaq üçün görülən profilaktik tədbirlər və xəstəliyin mahiyyəti barədə Dövlət Baytarlıq Xidmətinin sözçüsü Yolçu Xanvəli Amerikanın səsinə danışıb. Müsahibəni təqdim edirik.

Sual: Donuz qripindən doğan qlobal narahatlıqlar Azərbaycan üçün nə qədər realdır?

Cavab: Artıq bu xəstəliyin yayıldığı Amerika və Meksikadan Azərbaycana donuz ətinin gətirilməsinə müvəqqəti qadağalar qoymuşuq. Avropadakı iş adamlarına isə tapşırılıb ki, oradan ət məhsullarının gətirilməsini, ən azı vəziyyət aydınlaşana qədər ləngitsinlər. Ölkə daxilində aparılan profilaktik tədbirlərə gəldikdə, biz donuz saxlayan hüquqi və fiziki şəxslərə tapşırmışıq ki, bunu qapalı şəraitdə etsinlər və əgər xəstəliyin əlamətləri aşkar olunarsa, dərhal bizə məlumat versinlər. Baytarlıq idarələri isə öz nöbəsində, yerli mediada maarifləndirmə işləri aparacaqlar. Beləliklə, baytar nəzarəti olmadan donuzların kəsilməsi və satılması qadağan edilib. Habelə mətbəx qalıqlarının da heyvanlara bişirilməmiş verilməsi də bu qadağalar arasındadır. Bütün bunlarla yanaşı, ölkəyə daxil olan insanlar da xüsusi yoxlamadan keçirildikdən sonra Azərbaycan ərazısınə buraxılırlar.

Sual: Ancaq, hər halda, söhbət belə deyək, səhiyyəyə hələ məlum olmayan bir virusdan gedir...

Cavab: Şübhəsiz. Mütəxəssislərin verdiyi məlumata görə, bu xəstəlik həm heyvanlarda və quşlarda, həm də insanlarda baş verən xəstəliklərin mutasiyası nəticəsində ortaya çıxıb -yəni hər üç canlının yaratdığı yeni bir virusdur. Bu virus donuzdan donuza, donuzdan insana və insandan donuza keçmək xüsusiyyətinə malikdir. Ona görə də, bir qədər geniş arealı əhatə edir. Hətta bəzi beynəlzalq təşkilatlar bu virusun real təhlükəsini qeyd etmək üçün onun adını dəyişərək, donuz qripi yox, başqa cür adlandırılmasını təklif edirlər.

Sual: Bəs bu virusa yoluxmamaq üçün insanlar arasında hansı profilaktik tədbirlər görülməlidir?

Cavab: Sanitar və gigiyenik qaydalara tam əməl olunmalı, donuzçuluq təsərrüfatlarından mümkün qədər uzaq olmalı və sanitariya tələblərinə uyğun rəftar etmək lazımdlır.

XS
SM
MD
LG