Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin adını rəsmi olaraq dəyişdirib


Meksika ölkədə yayılmaqda olan ölümcül virusa qarşı mübarizə məqsədilə beş gün müddətinə bir sıra hökumət orqanlarının işini və iqtisadi fəaliyyətləri dayandırmaq haqda qərar verib. Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin adını rəsmi olaraq dəyişdirib. Xəstəliyin adı bundan sonra donuz qripi deyil. Ümumdünya Səhiyyə təşkilatı indi bu ölümcül xəstəliyə “İnfluenza A-H1N1” adını verib. Qripin virusunun bu növü asanlıqla bir insandan o birisinə keçir və ciddi hallarda ölümlə nəticələnir.

Birləşmiş Ştatlarda bu günə qədər 109 hal qeydə alınıb. ABŞ xəstəliyin dünya üzrə ən çox yayıldığı ikinci ölkədir. H1N1 virusunun ən çox yayıldığı ölkə isə Meksikadır. Burada iki mindən artıq insanın virusa yoluxduğu bildirilir. Xəstəliyin daha da çox yayılmasının qarşısını almaq üçün Meksika hökuməti ofislər, restoranlar, məktəblər və futbol stadionlarının beş gün ərzində bağlanması haqda qərar verib.

ABŞ-da da artıq bir neçə məktəb bağlanıb. H1N1 qripinin diaqnozu üçün şəhərlər və ştatlara testlər göndərilib. Bununla səhiyyə rəsmilərinin virusu daha asanlıqla müəyyən etməsinə imkan yaradılır.

Bu arada, Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, dünya ölkələrində alimlər xəstəliyin virusuna qarşı peyvəndin hazırlanması üzərində işləyirlər. Lakin peyvəndin tapılması təxminən üç ay və bundan daha artıq vaxt tələb edə bilər. Alimlər hələlik heyvanlar üzərində testlər keçirib modellərin insanlar üçün yararlı olub-olmamasını müəyyən etməlidirlər.

Əsas məsələ təcili ehtiyac və peyvəndin yan təsirləri kimi risk arasında balansı saxlamaqdır. Alimlər bu günə kimi 1976-cı ildə ABŞ-da kütləvi peyvənd kampaniyasının nəticələrini xatırlayırlar. O zamanda epidemiya olmasa da, peyvənd nəticəsində yaranmış nevroloji xəstəlik 30 adamın ölümünə səbəb olmuşdu.

Eksepertlər deyir ki, H1N1 qripi bu ilin sonunda yenidən yayıla bilər. Ümumdünya Səhiyyə təşkilatı isə bütün dünya ölkələrinə epidemiya zamanı faəliyyət planı hazırlamağı tövsiyə edib.


XS
SM
MD
LG