Accessibility links

Sinan Oğan: 'Diplomatiyamız qaldığı yerdən davam edəcək'


Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi kabinetin tərkibində əhəmiyyətli dəyişikliklər etməsi dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Bir sıra ekspertlər bu dəyişiikliyi hakim partiyanın ölkə daxilində azalan nüfuzu ilə əlaqələndirirlər.

Belə ki, sonuncu bələdiyyə seçkilərində Ərdoğanın başçılıq etdiyi siyasi qüvvə rəqiblərinə qalib gələ bilsə də, eyni zamanda əvvəlki dəstəyini itirərək, marafonu məğlub tərk etdi.

Xüsusilə də bir sıra hökumət üzvlərinin millət vəkili seçildikləri bölgələrdə AKP-nin martın 29-da keçirilmiş seçkini uduzması, onların seçkidən sonra istefaya göndəriləcəyi barədə ehtimallara yol açmışdı.

Lakin belə görünür ki, Ərdoğanın elan etdiyi dəyişikliklər təkcə seçkilərin nəticəsi ilə bağlı deyil. Hökumət başçısının dünən açıqladığı qərar əsasən, bir neçə nazir vəzifəsi ilə vidalaşsa da, bəzi nazirlərin yerləri dəyişdirilib.

Diqqəti çəkən başqa bir məqam isə xarici işlər naziri Əli Babacanın da postundan kənarlaşdırılaraq, iqtisadiyyatı kurasiya edən dövlət naziri vəzifəsinə keçiriməsidir.

Xarici siyasət idarəsinə isə bundan sonra Ərdoğanın müşaviri Əhməd Davudoğlu başçılıq edəcək.

Düzdür, bəzi ekspertlərə görə, Ərdoğan komandasında nüfuzlu sima sayılan Babacanı iqtisadiyyat üzrə dövlət naziri təyin etməklə bu sahədə, ağırlaşmaqda olan vəziyyəti düzəltməyə çalışır. Belə ki, onun yeni postda səlahiyyətləri genişləndirilib və banklar da yeni nazirin ixtiyarına verilib.

Lakin belə fikirlər də səslənir ki, Babacan xarici siyasətdə nəzərə çarpan son döngələrə görə dəyişdirilib.

Nyu York Times diqqəti ona yönəldir ki, yeni xarici işlər naziri əvvəlki postunda da Ərdoğanın bu sahədəki kursuna rəhbərlik edirdi, daha çox isə Yaxın Şərq siyasətində ağırlığını həmişə hiss etdirib.

Lakin Associated Press diqqəti ona yönəldir ki, Babacan Ermənistanla danışıqlara rəhbərlik edirdi və onun dəyişdirilməsi Ankara ilə Yerevan arasında Yol Xəritəsi planının açıqlanmasından bir həftə sonraya təsadüf edir.

Ankarada isə mətbuat yazır ki, Davudoğlunun nazir təyin ediləcəyi gözlənilən idi. Hürriyyət qəzeti xatırladır ki, yeni nazir vaxtı ilə Türkiyənin Orta Şərq ölkələrinə açılmasını təklif edərək, habelə Ərdoğan hökumətinin “Həmas”la əlaqələrini quran adam kimi tanınır.

Davudoğlu son zamanlara qədər ABŞ-da o qədər də tanınmırdı. Lakin bu yaxınlarda o, Vaşinqtona uğurlu səfər edərək həm özünü tanıda bilib, həm də yeni Amerika adminisrasiyası ilə güclü əlaqələr qurub.

Ankaradakı Türksam Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Türkiyə hökumətində baş vermiş siyasi dəyişiklikləri Amerikanın səsinə belə təhlil edib:

“Gözlənilən bir yerdəyişmə idi. Ancaq bu qədər geniş dairəni əhatə edəcəyi gözlənilmirdi. İşin əsas tərəfi də təbii ki, xarici işlər nazirinin dəyişdirilməsidir. Gözlənildiyi kimi, Babacanın yerinə Davudoğlu gətirildi. Bu şəxs Türkiyə xarici siyasətinə son 6 ildə damğasını vurmuş bir insandır. Davudoğlu bu günə qədər türk xarici siyasətinin axrasındakı soyad idi, indi isə önə çıxır. Babacandan fərqli olaraq, Davudoğlunun bir qədər daha təmkinli bir siyasət yürüdəcəyini gözləyə bilərik. Çünki, o, daha təcrübəlidir və işlərin içindədir. Ancaq qarşıda türk xarici siyasətində hansısa radikal dəyişikliyin olacağını gözləmirəm, hər halda diplomatiyamız indi qaldığı yerdən yola davam edəcək”.

Bu, Ankaradan, siyasi təhlilçi Sinan Oğanın fikirləridir.

Bu arada, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Bakıya səfər edəcək.

Hürriyyət qəzetinin yazdığına görə isə Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Ankaraya yüksək rütbəli nümayəndəsini göndərməyə hazırlaşır.

Bəs görəsən Bakıda Türkiyə xarici siyasət idarəsində baş vermiş son dəyişiklikdən gözləntilər necədir?

Amerikanın səsi radiosu bu sualla politoloq Rasim Musabəyova da müraciət edib.
“Nəzərə alınsa ki, Ermənistanla bağlı siyasət Babacanın və Abdulla Gülün bilavasitə adı ilə bağlı idi və təkcə Azərbaycanda yox, Türkiyənin özündə də xeyli narazılıqlar yaratmışdı, belə vəziyyətdə baş vermiş yerdəyişmə və yeni bir şəxsin Türkiyə adından xarici işləri yürütməsi bəlkə də münasibətlərin bərpa olunması üçün müsbət bir amil kimi qiymətləndirilə bilər”, - deyə politoloq vurğulayıb.

XS
SM
MD
LG