Accessibility links

NATO Gürcüstanda hərbi təlimlərə başlayır


Rusiyanın ciddi müqavimətinə və diplomatik təzyiqlərinə baxmayaraq, NATO bu gündən başlayaraq, Gücüstanda bir ay sürəcək hərbi manevrlərinə start verdi.

"Cooperative Longbow" və "Cooperative Lancer" kod adı altında aparılan təlimlər ayrı-ayrılıqda Tbilisidə və Gürcüstan paytaxtının 20 kilometrliyindəki Vaziani bazasında təxminən 1000-dən artıq hərbçinin iştirakı ilə başlayıb.

Longbow mayın 18-nə kimi, Lancer isə iyunun birinədək davam edəcək.

Bu təlim məşqlərinə görə, Rusiya NATO ilə təmaslarını dayandırıb və bəyan edib ki, manevrlər Rusiyaya qarşı əzələ nümayişidir.

NATO isə bildirir ki, böhrana cavab modulunda keçiriləcək manevrlərdə məqsəd sülh əməliyyatlarına dəstək verməkdir.

Öz növbəsində, Gürcüstan rəsmiləri deyirlər ki, təlimlər ötən gün Tbilisi yaxınlığında gürcü tank batalyonunun qiyamına baxmayaraq, planlaşdırıldığı qaydada davam edəcək.

Baxmayaraq ki, təlim-məşqləri qiyama cəhd etmiş Muxrovani tank bazasının yaxınlığında keçiriləcək.

Rəsmilər dünənki etirazın prezident Saakaşvilinin devrilməsi və eləcə də NATO-nun məşqlərini pozmağa hesablandığını bildirirlər.

Gürcüstan müdafiə nazirliyinin analitik departamentinin rəhbəri David Nardaya Amerikanın Səsinə deyib ki, dünənki insident NATO-nun planlarına və ümumi atmosferə təsir etməyib.

Ancaq o deyir ki, mümkündür ki, Rusiya qüvvələri Abxaziya və Cənubi Osetiyada aktivliyini artırsın.

Nardaya deyir ki, onlarda olan məlumata görə, Rusiya Gürcüstanın bu iki separatçı regionunda öz öz birləşmələrinin sayını artıra bilər.

Bununla yanaşı, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün NATO-nun Moskvadakı ofisində çalışan iki Kanada diplomatının akkreditasiyasını ləğv edib. Moskva bu diplomatları casusluqda ittiham edir.

Ötən həftə isə NATO iki Rusiya diplomatını casusluq qalmaqalından sonra Brüsseldən çıxarmışdı.

Qalmaqal bir eston rəsmisinin alyansa məxsus minlərlə sənədi Rusiya kəşfiyyat orqanlarına ötürməkdə suçlandığı casusluq işi ilə bağlıdır.

Bütün bunlarla yanaşı, Lavrov deyib ki, onun ölkəsi NATO ilə yaxşı münasibətlər axtarışındadır.
Rusiyanın baş diplomatı deyir ki, Moskva Şimal Alyansı ilə normal, hər iki tərəfə fayda verən və qarşılıqlı ehtiram bəslənən müttəfiqlik istəyir.

Lavrov əlavə edib ki, NATO-Rusiya Şüyası da bu şərtlər altında fəaliyyətini davam etdirə bilər.

Tbilisidə isə ötən gün hərbi hissədə baş vermiş insidentin Rusiya ilə mümkün əlaqəsini araşdırırlar.

Müdafiə nazirliyinin sözçüsü Şota Utaşvili Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, dünənki qiyam Rusiya tərəfindən planlaşdırılaraq, idarə olunub.

Amerikanın Səsinin müxbiri cənab Utaşvilidən bu iddialarının nə dərəcədə arqumentli olduğunu soruşub.

Gürcüstan rəsmisi deyib ki, o, Rusiyanın əlaqəsi barədə 100 faiz əminlikdə danışa bilməz, ancaq bu işdə Rusiya xüsusi xidmət orqanlarının iştirakına dair araşdırmalar davam edir.

Bu arada, Gürcüstanın müxalifət liderləri Saakaşvilini diqqəti daxili problemlərdən yayındırmaq üçün qiyam təşkil etməkdə ittiham edirlər.

Prezidentin opponentləri xeyli vaxtdır ki, Saakaşvilinin avtoritar siyasət yürütməsi və ötən il Rusiya ilə müharibəyə başlaması ittihamı ilə aksiyalar keçirirlər.

Müxalifət lideri Georgi Xaindrava Amerikanın səsinə deyib ki, Saakaşvili artıq ölkəni idarə edə bilməyəcəyini yaxşı başa düşür, belə ki, parlament, prezidentin ofisi və eləcə də nazirlərlə merlər faktiki olaraq işləmirlər.

XS
SM
MD
LG