Accessibility links

ATƏT sədri də Qarabağ münaqişəsilə bağlı bəyanat verdi


ATƏT sədri, Yunanistanın Xarici İşlər naziri Dora Bakoyannis Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh nizamlanması istiqamətində danışıqlarında tərəqqiyə nail olacağına ümid etdiyini deyib və onları atəşkəs rejiminə tam əməl etməyə, o cümlədən snayperləri cəbhə xəttindən geri çəkməyə çağırıb.

ATƏT-in rəsmi saytında dərc olunmuş məlumata görə, Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanmasının 15 illiyi münasibətilə çıxışında həmən vaxt keçmiş SSRİ məkanında ən iri miqyaslı hərbi əməliyyatlara son qoyulduğunu deyib və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçirdiyi konstruktiv danışıqları alqışlayıb.

“Mən Madrid sənədi əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk Qrupu həmsədrlərinin, həmçinin şəxsi nümayəndəm Anjey Kaspşikin səylərini tam dəstəkləyirəm. Bu, münaqişənin yeganə nizamlanma yoludur”, - deyə ATƏT sədri vurğulayıb.

Ancaq sədr əlavə edib ki, münaqişənin həllinə dair danışıqlar prosesində müşahidə olunan tempi saxlaması zəruridir.

O qeyd edib ki, «mühüm atəşkəs razılaşmasının 15 il əvvəl imzalanmasına baxmayaraq, vəziyyət son dərəcə dəyişkən və faciəvidir, həyatlar hələ də itirilməkdə davam edir».

Buna görə də Dora Bakoyannis vurğulayıb ki, qarşılıqlı etimad mühitinin yaranması üçün atəşkəs rejiminin şərtlərinə tam əməl olunmalı, həmsədrlərin snayperləri ön cəbhədən geri çəkmək çağırışına riayət edilməlidir.

Ermənistan və Azərbaycan arasında əldə olunmuş atəşkəs razılaşması 1994-cü ilin mayın 12-dən qüvvəyə minib.

XS
SM
MD
LG