Accessibility links

Rəcəb Tayyib Ərdoğan: ‘Anlaşılmazlıqların davam etməsini istəmirik’


Bu gün Bakıya yola düşməzdən əvvəl İstanbulun Atatürk hava limanında jurnalistlər üçün keçirdiyi brifinqdə Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğan Azərbaycana səfərinin son zamanlar iki ölkə arasındakı anlaşılmazlıqları aradan qaldıracağına ümidini dilə gətirib.

Ərdoğan deyib ki, əslində, Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik baş verməyib, “sadəcə olaraq son zamanlar hər iki ölkənin mətbuatında iki qardaş dövlətin əlaqələrinə dair yanlış məlumatlar yayılıb”.

Baş nazir deyir ki, məhz bu cür məlumatlar ictimaiyyət arasında müəyyən incikliklərə səbəb olub: “Bu arada, bəzi millət vəkillərinin verdiyi açıqlamalar da yaraların üzərinə acı bibər olub”.

Türkiyə lideri deyib ki, ölkəsinin bütün məsələlərdə Azərbaycanı müdafiə etməsinə heç kəs şübhə etməməlidir.

“Anlaşılmazlıqların belə davam etməsini istəmirik. Bakıya gedib, düşüncələrimi Azərbaycan ictimaiyyətinə də açıqlayacağam”, - deyə o, vurğulayıb.

Ərdoğan Azərbaycan prezidenti ilə müzakirə edəcək məslələrin gündəliyini də açıqlayıb. Bunlar Türkiyə Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri, Qafqaz evi ideyası ətrafında aparılan işlər və enerji məsələləridir. Baş nazir əlavə edib ki, enerji sahəsində atılacaq bəzi addımlar var.

İlham Əliyevlə görüşdən sonra cənab Ərdoğan Azərbaycan prezidenti ilə birgə mətbuat konfransı keçirəcək.

Türkiyə və Ermənistan arasında münasibətlərin "yol xəritəsi" müəyyən edildikdən sonra Türkiyə lideri ilk dəfədir ki, Azərbaycana səfər edir.

Bakıdan sonra Türkiyə baş naziri Polşaya, ardınca isə rusiyalı həmkarı ilə görüşmək üçün Soçiyə gedəcək.

XS
SM
MD
LG