Accessibility links

Save the Children dünyada ana və uşaqların vəziyyətinə dair indeksi açıqladı. Azərbaycan 44-cü yerdədir


Azərbaycanda da fəaliyyət göstərən Save the Children adlı beynəlxalq təşkilatı dünyada anaların vəziyyətinə dair 10-cu illik hesabatını açıqlayıb.

Sənəd 158 ölkədə ana və uşaqların yaşayış durumu və sağlamlıq göstəricilərinə əsaslanıb.

Ən sonuncu yerdə Afrikanın Səhra altı regionu göstərilir ki, orada analar doğuş zamanı tez-tez həyatlarını itirirlər və orta hesabla, 40 yaşdan sonra ümumiyyətlə, yaşaya bilmirlər.

Hesabata görə, analar üçün ən pis yer Nigeriyadır. Onun ardınca Sierra-Leon, Çad, Qvineya-Bisau və Konqo Demokratik Respublikası gəlir.

Kloi Oqara Save the Children-da təhsil məsələləri üzrə direktor işləyir. O deyir ki, hesabatda aşağı yer tutan ölkələrin əksəriyyətində bu problem QİÇS xəstəliyi və münaqişələrin təsirindən ikiqat çox təhlükə yaradır.

Hesabata görə, ana olmaq üçün ən yaxşı yer İsveçdir. O cümlədən digər Şimali Avropa ölkələri - Danimarka, Finlandiya və Norveç də siyahıda ön yerləri bölüşürlər.

Habelə Avstraliya, İslandiya və yeni Zelandiya da yüksək göstəricilərə malikdir.

İnkişaf etmiş ölkələrdən ABŞ artıq ikinci ildir ki, siyahıda 27-ci yerdədir. Oqara deyir ki, bu, digər qabaqcıl ölkələrlə müqayisədə, ABŞ-da ana ölümü hallarının nisbətən yüksək olmasından irəli gəlir.

Hesabatda digər əsas diqqət isə uşaqların təhsilinə ayrılır. Sənədə görə, azyaşlıların əsas inkişafı orta məktəb dövründə baş verir. Ancaq Səhra altı Afrikada uşaqlar imkansızlıq üzündən təhsil ala bilmirlər. Ümumilikdə hazırda dünyada azı 75 milyon uşaq ibtidai məktəbə gedə bilmir.

Ən yaxşı təhsilin isə Şimali Avropada verildiyi bildirilir. İnkişaf edən ölkələrdən isə bu sırada Kuba və Ermənistan yüksək pillədədirlər.

Müəlliflər habelə hökumətləri uşaqların məktəbəqədər təhsilinə də dəstək verməyə çağırır.
Save the Childrenin hesabatında Azərbaycana da geniş diqqət ayrılır.

İnkişaf edən ölkələrdə məktəb təhsili indeksinə görə Azərbaycan Kuba, Ermənistan, Kipr və Çilidən sonra 5-ci yerdə gəlir.

Ancaq burada söhbət 2007-ci il üzrə rəqəmlərdən gedir. Buna baxmayaraq, müəlliflər qeyd edirlər ki, Azərbaycanın daxil olduğu kateqoriyada uşaqlar ibtidai məktəbdə yaxşı təhsil ala bilirlər.

Lakin bunu digər dövlətlərlə müqayisədə birmənalı demək olmaz. Məsələn, hesabata görə, Ermənistanda məktəb yaşlı uşaqların 9 faizi məktəbə gedə bilmirlər, Azərbaycan üçün isə bu, 14 faizdir. Siyahıda ən sonuncu yerləri isə Əfqanıstanla Çad bölüşürlər.

Analıq indeksinə gəldikdə, Azərbaycan bu siyahıda Qətər, filippin Əl-Salvador kimi ölkələrdən də sonra 44-cü yeri bölüşür.

Bəs görəsən, Bakıda Save the Childrenin hesabatına münasibət necədir?

Səhiyyə Nazirliyinin nəzlində Respublika Ailə-Sağlamlıq Mərkəzinin həkimi Arzu Məhərrəmova hesabatda Azərbaycana 44-cü yerin verilməsilə razılaşmasa da, bu sahədə müəyyən problemlərin olduğunu bildirir.

Amerikanın Səsinə müsahibəsində xanım Məhərrəmova bununla yanaşı, problemlərin qlobal xarakterli olduğunu və Azərbaycanın ailə, uşaq sağlamlığı göstəricilərinə görə, ildən ilə irəlilədiyini deyib:

“Bir neçə il bundan öncəyə nəzər saldıqda, hazırda həm uşaq doğumu, həm də sağlam uşaqların dünyaya gəlməsi sayı artıb. Əlimizdəki statistikaya görə, uşaq və ana ölümü halları da azalıb. Digər tərəfdən əvvəllər Azərbaycanda qohumların nikahlanması nəticəsində genetik xəstəliklər nisbətən çox idisə, indi bu da aradan qalxır. Belə ki, insanlar evlilikdən öncə maariflənirlər”.

Arzu Məhərrəmova Azərbaycanda azyaşlıların təhsil probleminin də olmadığını deyir, belə ki, ölkədə 1-2 təhsil ocağı istisna olmaqla, ümumilikdə, təhsil pulsuzdur.


XS
SM
MD
LG