Accessibility links

Güner Özkan: ‘Türkiyə ilə Azərbaycan arasında gərginliyin səngiməsi müvəqqətidir’


“Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iki ölkə arasında son aylar yaranmış gərginliyi yalnız müvəqqəti olaraq səngidə bilib.” Bunu Amerikanın Səsi radiosunda təşkil olunan dəyirmi masada, Ankaradan Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının Qafqaz regionu üzrə eksperti Güner Özkan bəyan edib.

Cənab Özkan deyib ki, Ərdoğan Bakıdakı çıxışlarında Türkiyə-Ermənistan danışıqlarında Dağlıq Qarabağ nizamlamasının şərt kimi irəli sürüldüyünü desə də, Ankara ilə Yerevan arasında son aylar aparılan müzakirələrin məğzi bunu təsdiq etmir.

“Ortada bir Yol Xəritəsi var. Onun içində nə yazıldığın bilməsək də, hər halda, yayılan açıqlamalardan göründüyü kimi, Qarabağla bağlı heç bir şərt mövcud deyil. Orada yalniz bir cümlə ilə qeyd olunur ki, tərəflər Türkiyə-Ermənisran yaxınlaşmasının Qafqazda sülhə yardımı ola biləcəyinə ümid edirlər. Amma bu ifadə birbaşa Qarabağı şərt kimi ortaya qoymur.”

Bununla yanaşı, Özkan deyib ki, Ərdoğanın Bakıdakı çıxışlarında Dağlıq Qarabağ problemini şərt kimi önə çəkməsi Türkiyə-Azərbaycan münasibətləri üçün olduqca vacib idi.

Dəyirmi masanın digər qonağı, Bakıdan Ayna-Zerkalo qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyib ki, son aylar Ankara ilə Bakı arasında yaşanan gərginlik təkcə Ermənistanla bağlı deyildi. Digər vacib suallar da var idi və onlara cavab tapılmayıb:

“Söhbət enerji resurslarının tranzitindən gedir. Türkiyə qazı Azərbaycandan əvvəlcədən müəyyən olunmuş qiymətlərlə alıb, daha sonra Avropaya bazar qiymətində satmaq istəyirdi. Bu problemin ötən həftə guya Praqada aradan qaldırıldığı bildirilsə də, hələ ki, bu barədə birmənalı danışmaq olmaz”.

Ermənistan-Türkiyə dialoloqlarına gəldikdə, cənab Mirqədirov deyib ki faktiki olaraq, tərəflər taym-aut əldə ediblər. Bu da hazırda davam edən Bakı-Yerevan danışıqları ilə bağlıdır. Belə ki, indi Qarabağ nizamlaması həlledici mərhələdədir.

“Elə bir vəziyyət yaranıb ki, ya danışıqlar dayanmalı, ya da son anlaşma əldə olunmalıdır. Əgər tərəflər arasında prinsipial razılaşma olsa, payızda Türkiyə sərhədləri aça bilər. Ancaq bu, mümkünsüz görünür. Beləliklə də, Türkiyə payızda dilemma qarşısında qalacaq”.

Cənab Mirqədirov deyib ki, sərhədlərin açılmasından başqa, Bakıda Türkiyənin ünvanına digər mühüm suallar da səslənir. Bunlardan biri Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması, qarşılıqlı səfirliklərin yaradılması, səfirlərin təyini və digər adddımların da, Qarabağ torpaqları işğaldan azad edilmədən atılıb-atılmayacağıdır.

Güner Özkan isə deyib ki, bu sualın cavabı Ankarada da hələ yoxdur. Belə ki, Türkiyənin Ermənistanla diplomatik əlaqələri son aylarda artıq xeyli irəli gedib. Bunula yanaşı, cənab Özkan Ankara-Yerevan yaxınlaşmasının böyük sürətlə irəliləyəcəyinə də inanmır.

Dəyirmi masaya Bakıdan telefonla qatılan Türkiyənin “Doğan” Xəbərlər Agentliyinin nümayəndəsi Nürəddin Atmaca isə Azərbaycan ictimaiyyətində Ərdoğanın Bakıya səfərindən sonra, yüksək əhval-ruhiyyənin olduğunu deyib.

Onun sözlərinə görə, həm müxalifət, həm də iqtidar rəsmiləri Türkiyə liderinin “azərbaycanlıların ürəyindəki bütün şübhələri sildiyini” deyiblər.

XS
SM
MD
LG