Accessibility links

ABŞ mətbuatı azərbaycanlı namizədin Təbrizdəki seçkiöncəsi çıxışı barədə


Dünən İranın Şimal qərbində prezidentliyə əslən azərbaycanlı namizədin seçkilərə bir neçə həftə qalmış böyük izdiham önündə çıxış etməsi, dünya mətbuatının diqqətini çəkib.

ABŞ qəzetləri bu çıxışı hazırkı prezident Əhmədinejad üçün başağrısı kimi təqdim edirlər.
Söhbət İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin Təbrizdə tərəfdarları qarşısındakı səs-küylü çıxından gedir.

Nyu York Times yazır ki, onun nitqini izləyənlərin sayı 30 min civarında olub.
“Times”in İrandakı müxbiri Nazila Fathi Təbrizdən göndərdiyi məqalədə Müsəvinin çıxışını izləməyə gələn tərəfdarlarını Əhmədinejadın ənənəvi elektoratı ilə müqayisə edir və yazır ki, onları bura gətirən səbəb nə pul, nə havayı yemək, nə də məcburi sifariş olub.

Yerli hökumətin qadağalarına və hətta internetdə tətbiq etdiyi məhdidiyyətlərə baxmayaraq, mitinqdən xəbər tutanların çoxu bura öz şəxsi avtomobili ilə gəlib.

Tərəfdarları əslən İranın kiçik Azərbaycan şəhəri olan Xamenehdə doğulmuş Müsəviyə bəslədikləri rəğbətlərini “Azərbaycan evim, Müvəvi həyatımdır” şüarı ilə izhar ediblər.

Times yazır ki, Musəvinin Təbrizdəki çıxışı onun namizəd qismində İranın Şimal qərb əyalətinə 2 günlük turnesinin ilk hissəsi olub. İslahatçı namizədin əsas hədəfi isə iyunun 12-də keçiriləcək seçkilər ərəfəsində 15 milyonluq türkdilli elektoratın dəstəyini qazanmaqdır.

Təbrizdəki çıxışı zamanı Musəvi İran Azərbaycanında mərkəzi hökumətə qarşı həyata keçirilmiş bir neçə tarixi üsyana işarə edərək deyib ki, Azərbaycan və Təbriz əhalisi bu ölkənin taleyini bir neçə dəfə dəyişib. “Azərbaycan həmişə diktatorluq qarşısında dayanıb və ölkənin qorunması uğrunda mübarizə aparıb”.

Nyu York Timesın yazdığına görə, cənab Musəvi müxtəlif bölgələrin etnik dillərinin məktəblərdə öyrədilməsinə imkan verən konstitusiya maddəsini tətbiq edəcəyini bildirib ki, hazırkı prezident Əhmədinəjad bunu etməyib.

Qəzet daha sonra yazır ki, əslində Musəvi gələn ay keçiriləcək seçkilərdə ölkəyə rəhbərlik uğrunda mübarizə aparan 3 yeni namizəd arasında Əhmədinejada ciddi rəqib hesab olunur. Digər namizədlər isə islahatçı Mehdi Kərrubi və İnqilabi Qvardiyanın sabiq lideri Möhsün Rzayidir.

Bununla yanaşı qəzet yazır ki, Əhmədinejadın hələ də türkdilli ərazilərdə, xüsusilə yoxsul kəndlərdə ciddi dəstəyi var. New York Times bunun səbəblərini iqtisadi amillərdə görür.
Məsələn, Təbrizdən 75 yaşlı Həsən Nazari qəzetə danışıb ki, o, qarşıdakı seçkilərdə təkrarən Əhmədinejada səs verəcək, çünki son 5 ildə onun təqaüdü artıb.

Ancaq Timesdən fəqli olaraq, Washington Post qəzeti iqtisadi amilləri İranın hazırkı prezidenti üçün çətin sınaq sayır.

Müəllif Əli Əkbər Dareyni bugünkü məqaləsində yazır ki, islahatçı namizədlər hazırkı prezidentin iqtisadi kursunu ciddi tənqid edirlər. Bu isə ölkədə inflyasıyanın 25 faizə yüksəlməsi və işzislik səviyyəsinin artması ilə əlaqədardır.

Qəzet Mir Hüseyn Musəvinin dünən Təbrizdəki çıxışı zamanı ölkə iqtisadiyyatı barədə dediklərindən sitat gətirir.

Cənab Musəvi deyib ki, İran zəngin ölkə olsa da, ölkəni bu hala salan xalqın taleyi yox, hazırkı hakimiyyətdir.

O söyləyib ki, Əhmədinejadın güzəştsiz ritorikası və nüvə proqramı ətrafında dünyaya meydan oxuması 70 milyon iranlını beynəlxaq iqtisadi təcridə salıb.

Düzdür, ötən il neftin bahalaşması nəticəsində İran enerji satışından rekord gəlirlər əldə edib, ancaq iranlılar pis yaşayış tərzlərindən gileylidirlər.

Prezidentin islahatçı rəqibləri isə Əhmədinejadın başının daha çox ABŞ və İsraillə qarşıdurmaya qarışdığını və diqqəti daxilə yönətməyə, iqtisadiyyatı bərkitməyə vaxtı olmadığını deyirlər.

Musəvi deyib ki, son 4 ildə İranda daxili istehsal aşağı düşüb, insanlar daha da yoxsullaşıb və bu vəziyyət dəyişməlidir.

Müsəvi habelə xatırladıb ki, onun hökumət başçısı olduğu 1980-88-ci illərdə İran hətta İraqla müharibə apardığı dövrlərdə belə, 25 faiz inflyasiya ilə üzləşməmişdi.

XS
SM
MD
LG