Accessibility links

28 may - Azərbaycanın Respublika günüdür


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ili tamam olur. 1918-ci il mayın 28-də qazanılmış istiqlaliyyətin ömrü cəmi 23 ay sürsə də, müstəqilliyə aparan yol heç də asan olmayıb.

"Bir kərə yüksələn Bayraq bir daha enməz". Bu, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin mübarizəsinin başlıca şüarı idi.

1918-ci ilin mayın 28-də azərbaycanlılar ilk dəfə olaraq demokratik prinsiplərə söykənən milli-mədəni əsaslara dayanıqlı dövlət qurdular. Bu, bütün Şərq və Türk dünyasında ilk demokratik xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdanbəy Topçubaşov, Fətəlixan Xoyski kimi dahi şəxsiyyətlərin böyük əməyi olub.

"Rəsulzadə" Mərkəzinin sədri Nəsiman Yaqublunun sözlərinə görə, azərbaycanlıların müstəqillik uğrunda mübarizəsi əsasən 3 mərhələdən ibarət olub: Mədəni Müxtariyyət uğrunda; Məhəlli müxtariyyət Uğrunda aparılan mübarizə; İstiqlalın gerçəkləşdirilməsi mərhələsi. Əsas mübarizənin 2-ci mərhələdən - 1917-ci il Rusiyada baş verən fevral burjua inqilabından sonra başladığını bildirən cənab Yaqublu bu mərhələnin 1918-ci ildə istiqlaliyyətin əldə olunması ilə sona çatdığını vurğulayır.

O zaman Azərbaycan Respublikasının 114 min kv km olan ərazisinin təxminən 97 mini beynəlxalq ictimaiyyət tərəfindən tanınırdı. Qısa müddət ərzində Azərbaycan ordusu yaradılır, demək olar ki, bütün sahələrdə islahatlar aparılır. Xüsusilə Mətbuat sahəsində aparılan islahatları vurğulayan Nəsiman Yaqublu 1918-ci il noyabrın 19-da mediada senzuranın ləğv edildiyini bildirir.

23 ay sürən istiqlaliyyətə 1920-ci il aprelin 28-də son qoyulur.

Xalq Cumhuriyyətinin süqutundan sonra mübarizəsini xaricdə davam etdirərək 56 il əvvəl – 1953-cü il Mayın 27-si Amerikanın səsi radiosu vasitəsilə xalqa müraciət edir. Nəsiman Yaqublu deyir ki, mətbuat vasitəsilə xalqa müraciət 35 illik mühacirət dövründə Məhəmməd Əmin Rəsulzadənin əsas mübarizə metodlarından olub.

Xatırladaq ki, bu gün Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Prezident İlham Əliyev ətrafında fəxri qarovul dəstəsi düzülmüş abidənin önünə əklil qoyub. Daha sonra isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tənqidçilər isə deyir, bu gün Respublika günü qeyd edilsə də, Azərbaycan Xalq Cümhuriyyətinin başçısına verilən qiymət yetərincə deyil.
XS
SM
MD
LG