Accessibility links

Siyasi təhlilçi Azərbaycanda insan haqlarının vəziyyəti barədə


Nüfuzlu “Amnesty İnternational” təşkilatı Azərbaycanda insan haqları sahəsində vəziyyətin son bir ildə daha da pisləşdiyini bildirir.

Təşkilatın dünən yaydığı hesabatda qeyd olunur ki, Azərbaycanda alternativ fikrə qarşı artmaqda olan dözümsüzlük var.

Amnesty habelə qlobal iqtisadi böhranla artmaqda olan insan haqları pozuntuları arasında birbaşa əlaqə olduğunu bildirir.

«Tolerantlıq» Araşdırmalar Birliyinin rəhbəri Azər Rəşidoğlu Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan haqları sahəsində pozuntuların artıq böyük dövlətlərin “təhlükəsizlük probleminə” çevrildiyini deyib.

Ancaq onun fikrincə, bu barədə danışmaqdansa, ölçü götürməyin zamanı çatıb.

“Problemləri hamımız bilirik. Ancaq onların qarşısını almaq lazımdır. Azərbaycan hakimiyyəti bunu etmək istəmir, ictimaiyyət gücsüzdür, yeganə olaraq qalır beynəxalq təşkilatlar. Onlar isə hər il bəyanatlar verirlər, bir qayda olaraq rəsmilər də bunu inkar edir, ictimaiyyətdə isə nə o bəyanatlara, nə də onun ətrafında səslənən şərhlərə maraq qalıb”, - deyib cənab Rəşidoğlu.

Siyasi təhlilçi deyib ki, beynəlxalq təşkilatlar öhdəliklərinə əməl etmək istəməyən rəsmi Bakıya adekvat reaksiya verməldidir.

Onun fikrincə, belə reaksiya, məsələn Avropa Şurasının timsalında, sanksiyaların tətbiqi ola bilər.
Azərbaycanda alternativ fikrə qarşı dözümsüzlük barədə Amnesty-nin qeydlərini cənab Rəşidoğlu belə şərh edib ki, ölkədə siyasi müxalifət gücsüz olduğu üçün hakimiyyət insan haqları pozuntuları barədə məlumatları yayan medianı düşmən elan edib.

XS
SM
MD
LG