Accessibility links

ABŞ Mətbuatı: Prezident Obamanın müsəlman aləminə müraciəti


ABŞ prezidenti Barak Obamanın müsəlman dünyasına müraciəti Amerika mətbuatında geniş debatlara yol açıb. Ümumilikdə müsbət qarşılanan çıxışı bir çoxları Qərblə İslam dünyası arasındakı münasibətlərdə yeni fürsət kimi dəyərləndirir. Eyni zamanda bəzi analistlər mövcud problemlərin bir nitqlə aradan qaldırılacağına və nitqdə əks olunan bir sıra müddəalara skeptik yanaşırlar.

Washington Post-un baş məqaləsində prezident Obamanın öz çıxışında Amerikanın milli dəyərlərini təbliğ etməsi ilə bərabər ictimai diplomatiya sahəsində uğurlu addım atdığı vurğulanır. Yazıda qeyd olunur ki, Ağ Ev sahibi müsəlman dünyasına canlı yayımlanan müraciətində Amerikanın radikal İslamla problemlərini işıqlandırdı və bir çox müsəlman ölkələrində Qərb haqda yanlış təsəvvürlərə müəyyən aydınlıq gətirdi. Sələfi Corc Buşdan fərqli olaraq Barak Hüseyn Obama müsəlman auditoriyası tərəfindən hərarətlə qarşılandı və diqqətlə dinlənildi. Redaktor heyətinin fikrincə prezident Obamanın İsrail-Fələstin münaqişəsində sərgilədiyi mövqe həm ABŞ maraqlarına həm də regionda sülhün mənafeyinə xidmət edir.

Mühafizəkar yazar Çarls Krauthammer isə Obamanın Yaxın Şərq münaqişəsi barədə söylədiklərinə tənqidi münasibət bəsləyir. Yazarın fikrincə Obama administrasiyası bütün ölkələrlə dialoq qurmağa və yeni başlanğıca can atır, bircə İsraildən başqa. Hakimiyyətə gəldikdən bəri Barak Obama İran, Rusiya, Kuba, Suriya və hətta Venezuelaya da əməkdaşlıq təklif edib. Lakin Tel-Əvivlə münsaibətlərində Vaşinqton öz mövqeyini diktə etməyə çalışır. Obamanın İsrail məntəqələrinin bağlanmasının vacibliyi haqda dediklərini Krauthammer bu dövlətin inkişafına hədə kimi dəyərələndirir. Belə ki, istənilən əhali artımı yeni məntəqələrin tikilməsini tələb edir ki, bunların dayandırılması İsrail dövləti üçün həyati əhəmiyyət daşıyır.

New York Times qəzetinin yazarı Deyvid Bruks Obamanın çıxışındakı idealist notları müsbət qiymətləndirir. Onun fikrincə Obama Yaxın Şərqlə bağlı siyasətinə Çikaqoda yerli siyasət məkanında öyrəndiyi üsulları tətbiq etməyə çalışır ki, bu da adətən bir-birinə zidd olan müxtəlif fraksiyaların ortaq məxrəcə gətirilməsini ehtiva edir. Bura elə bir regiondur ki, heç kim qarşı tərəfə qulaq asmaq istəmir və yalnız öz maraqlarını güdür. Belə bir şəraitdə Obamanın hamının maraqlarını tanımağa cəhdi alqışlanmalıdır. Lakin Obamanın çıxışında demokratiya prinsiplərindən müəyyən geriləmə hiss olunur. Bruksun rəyinə görə belə görünür ki, Obama administrasiyası Yaxın Şərqdə avtokratiya və durğulunluqla barışıb və sadəcə olaraq mövcud vəziyyətlə ayaqlaşmağa çalışır. Barak Obama regional təmaslarında ölkə liderləri ilə praqmatik təmaslara üstünlük verir. O biri tərəfdən müsəlman icmasının rəğbətini qazanmaq demokratiya məsələsində mübarizlik tələb edir ki, bunu da hələlik Obama administrasiyasnın fəaliyyətində sezmək çətindir.

Başqa mühafizəkar yazar Viktor Davis Hanson isə öz təhlilində daha sərt mövqe nümayiş etdirir. Onun fikrincə Qərblə İslam dünyası arasındakı ziddiyətlər bu və ya başqa administrasiynın atdıqı səhv addımlardan yox, mədəniyyətlər və siyasi rejimlər arasındakı dərin uçurumdan qaynaqlanır. Hanson Obamanın Qərblilərin və radikal islamçıların yürütdüyü siyasətin eyniləşdirməsini rədd edir. Ərəb dünyansının üzləşdiyi problemlər Qərb kolonializmindən çox, radikal sosialist ideyaları təmsil edən Bəsizm, Naserizm, pan Ərəbizm və islamizm kimi cərəyanlardan qaynaqlanır ki, bunlar onilliklərlə cəmiyyəti şikəst edərək onun inkişafının qarşısını alıb. Bundan əlavə Rusiya və Çin milyonlarla müsəlmanı əsarətdə saxladığı halda İslam dünyasında bu dövlətlərə qarşı qorxudan nifrət ifadə olunmur, əksinə hörmət bəslənilir. Onun sözlərinə görə müsəlmanlarla Qərbdə, Yaxın Şərqdə xristianlarla davranıldığından qat-qat yaxşı rəftar olunur. Heç kimə San Fransiskoya Quran gətirmək qadağan efilmədiyi halda Səudiyyə Ərəbistanında İncil daşımaq cinayət hesab olunur. Qərblilər kütləvi şəkildə müsəlman ölkələrinə miqrasiya etmirlər və buna can atmırlar. Reallıq bunun tam əksidir. Son bir neçə ildə Bosniyada, Kosovoda və Küveytdə Amerika hərbi qüvvələri öz qanları bahasına müsəlmanları qətliyamlardan xilas etmiş, İraq və Əfqanıstanı qəddar tiranlıqdan qurtarmışlar. Lakin bunlar saya alınmır. Müsəlman dünyasının böyük əksəriyyətində insan hüquqları kobud şəkildə pozulur və bu ölkələr diktatorlar tərəfindən idarə olunur. Əgər belə olmasaydı, onda Ərəb liderləri də gəlib Amerikada bu növ nitqlər söyləyərdilər, deyə Hanson yazısını bitirir.

XS
SM
MD
LG