Accessibility links

Davudoğlu Klintonla Vaşinqtonda görüşdü


Bü gün Türkiyə xarici işlər naziri Əhməd Davudoglu ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. “Amerikanın səsi”nin məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair verilən suala cavabında xanım Klinton Azərbaycan və Ermənistan prezidentlərinin dünən Sankt-Peterburqdakı görüşünü misal gətirərək hökumətlərin məsələ üzərində birgə çalışdığını bildirib: “Biz inanırıq ki, qısa vaxt kəsiyində böyük inkişaf əldə olunub. Əsas məsələ münaqişənin həlli üçün lazımi nöqtəyə çatmağa dair öhdəlik götürməkdir və mən bu öhdəliyi görürəm”. Dövlət katibinin sözlərinə görə, bütün münaqişələrdə həlli cətin məsələlər olsa da, burada öhdəliyin olmasına şübhə yoxdur. Xanım klinton bu məsələdə Türkiyəyə də götürdüyü güclü öhdəliyə görə minnətdarlığını bildirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da öz növbəsində nikbin olduğunu bildirib. O, Ankaranın firəvan, təhlükəsiz və dinc Qafqaza nail olmağa çalışdığını deyib: "Biz Ermənistanla münasibətlərin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmağa öhdəlik götürmüşük. Biz bu məsələdə ABŞ və Minsk qrupunun digər həmsədr ölkələri ilə birgə işləməyə hazırıq".

"Amerikanın səsi" radiosu xəbər verir ki, Dövlət Katibi Hillari Klintonla görüş zamanı Barak Obamanın müsəlman dünyasına müraciətini də müzakirə etdiklərini bildirən Türkiyə xarici işlər naziri bunun müdriklik və sülh çıxışı olduğunu dilə gətirib. Xanın Klinton isə Türkiyə ilə Amerika arasında münasibətlərin çox güclü olduğunu deyərək bu əlaqələrin daha da dərinləşəcəyini vurğulayıb. Dövlət katibi deyib ki, o, türkiyəli həmkarı ilə iki ölkənin gələcəkdəki əməkdaşlığı məsələsini müzakirə edib. Hillari Klintonun sözlərinə görə, ABŞ-la Türkiyə arasındakı münasibətlər o qədər irəliləyib ki, iki ölkə qarşılıqlı olaraq bir-birindən asılı vəziyyətdədir və bu asılılıq müsbət asılılıqdır.
XS
SM
MD
LG