Accessibility links

Türkiyə Qafqazda sülh naminə ABŞ-la birgə işləmək niyyətindədir


Dünən Vaşinqtonda ABŞ və Türkiyənin baş diplomatları Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir sıra regional və qlobal məsələləri müzakirə ediblər.

Amerikanın dövlət katibi Hillari Klinton Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətindəki səylərini alqışlayıb. Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə danışıqlardan sonra xanım Klinton Qarabağ nizamlamasına da toxunub:

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda səyləri dəstəkləyirik. Biz inanırıq ki, bu münaqişə ilə bağlı uzun müddət həllini tapmayan məsələlərdə qısa müddətdə əhəmiyyətli irəliləyiş əldə edilib."

Xanim Klinton deyib ki, Azərbaycan və Ermənistan hökuməti Qarabağ münaqişəsini həll etmək üçün birgə çalışırlar: «Sankt-Peterburqda keçirilən görüş buna nümunədir».

Türkiyənın nüfuzlu Hürriyyət qəzeti diqqəti ona yönəldir ki, iki baş diplomatlar arasındakı görüş planlaşdırıldığından yarım saat çox çəkib.

Qəzetin yazdığına görə, bu, Barak Obama iqtidarı dövründən Ankara ilə Vaşinqton arasında istensivləşən danışıqların mühüm mərhələsindən xəbər verir.

Müxbirlərlə söhbət zamanı Hillari Klinton görüşü çox faydalı və əhatəli adlandırıb: "Biz Türkiyəni PKK-ya qarşı apardığı mübarizədə dəstəkləyirik. Bir daha bu gün Türkiyənin Avropa İttifaqına üzvlüyünə ABŞ-ın güclü dəstəyini vurğulamaq istərdim. İndiyə kimi Türkiyənin bu istiqamətdə gördüyü işləri də biz alqışlayırıq."

Dövlət katibi Yaxın Şərqdə sülh və sabitliyə çatmaq istiqamətində Türkiyənin oynadığı rolu da yüksək qiymətləndirib.

Əhməd Davudoğlu da görüş zamanı "Yaxın Şərq,Qafqaz, Qara Dəniz, İraq, Əfqanıstan və Pakistan kimi məsələlərin" müzakirə olunduğunu deyib.

O əlavə edib ki, Türkiyə Qafqazda sülh və sabitlik yaratmaq üçün ABŞ-la birgə işləmək niyyətindədir və iki ölkə bu sahədə böyük potensiala malikdir.

Türkiyədə isə mətbuat diqqəti xanım Klintonla nazir Davudoğlunun media qarşısında səsləndirdiyi digər vacib mesajlara yönəldirlər.

CNN-Türk yazır ki, görüşdə regional münaqişələrlə yanaşı, enerji layihələrinə də geniş diqqət ayrılıb.

Hazırda Azərbaycandan başlayaraq Türkiyədə keçməklə, Avropanın enerji diversifikasiyasında mühüm rol oynamalı Nabukko layihəsi, Vaşinqtonu qayğılandıram yarımçıq proyektlərdən biridir.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri Soyuq müharibə dövründən iki ölkə arasında münasibətlərin əsasən hərbi sahəyə kökləndiyini vurğulayaraq, bundan sonra iqtisadi və sosial məsələlərə də nəzər salmağın vacibliyini qeyd edib.

Nüfuzlu Zaman qəzetinin yazdığına görə, Davudoğlunun iqtisadi sahədə Vaşinqtona apardığı təklif iki ölkə arasında birgə işçi qrupu yaratmaq olub.

Türkiyə və ABŞ-ın baş diplomatlarının Vaşinqtonda müzakirə etdiyi beynəlxalq məsələlər sırasında isə türk mediasının diqqətini çəkən Yaxın Şərq və xüsusilə də İran mövzusudur.

Milliyyət qəzeti yazır ki, Davudoğlu diqqəti İrandakı seçkilərə yönəldərək, namizədlərin başının daxili siyasətə qarışdığını vurğulayıb.

O deyib ki, ölkəsinin İran məsələsində mövqeyi dəyişməzdir, belə ki, sülhməqsədli nüvə silahını əldə etmək hamının haqqıdır:

“Bu məsələdə Ankara ilə Vaşinqton arasında fikir ayrılığı yoxdur. Türkiyə rəhbərliyi məsələnin sülh və diplomatik yolla həllinə əsaslanır”.

ABŞ rəsmiləri ilə yüksək səviyyəli görüşlərini başa vuran Əhməd Davudoğlu bu gecə Vaşinqtonu tərk edib.

XS
SM
MD
LG