Accessibility links

Beynəlxalq təşkilatlar İranda media və internet azadlığının boğulmasından narahatdırlar


İnsan haqları və media azadlığı üzrə təşkilatların nümayəndələri deyirlər ki, İran hökumətinin ölkədəki nümayişlər barədə reportajlara, eləcə də internetə məhdudiyyətlər qoyması, dünya boyunca internet azadlığın müdafiəsi zərurətini bir daha ortaya qoyur.

Amnesty International, Freedom House və Sərhədsiz Reportyorlar təşkilatlarının nümayəndələri Lauqay fondu və Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun üzvləri ilə birlikdə Tom Lantos İnsan haqları Komissiyasının təşkilatçılığı ilə dünən Kapitoli binasında bir araya gəliblər.

Müzakirələr internetə nəzarət üzrə qlobal tendensiyalar ətrafında aparılsa da, əsas diqqət İrandakı vəziyyətə ayrıldı.

Belə ki, bu ölkədə keçirilən seçkilərdən sonra hakimiyyət xarici jurnalistlərin fəaliyyətinə və internetə məhdudiyyətlər tətbiq edib.

Sərhədsiz Reportyorların Vaşinqton ofisinin direktoru Luzi Morillon deyir ki, vəziyyəti daha da ciddiləşdirən xüsusilə Facebook və Tvitter kimi, insanların xarici dünya ilə təmasına xidmət edən saytların qapadılımasıdır.

Morillon deyir ki, son günlər İranda baş verənlər qapalı cəmiyyətlərdə alternativ informasiya mənbələrinin əhəmiyyətini bir daha önə çıxarıb.

Freedom House təşkilatından Daniel Kalingert xatırladır ki, təşkilatın dünyanın 15 ölkəsində internet və rəqəmsal media azadlığının vəziyyətinə dair aprel ayında açıqladığı hesabatında İran Çin, Kuba və Tunisiya ilə bilrikdə azad olmayan ölkələr sırasına daxil edilib.

O, deyir ki, bu kateqoriyaya düşən ölkələr bloqlar və Facebook kimi populyar saytlar da daxil olmaqla, internetə nəzarət üçün inkişaf etdirilmiş çoxşaxəli sistemdən istifadə edirlər.

Kalingert əlavə edir ki, son bir neçə gündür ki, İranda baş verənlər internet azadlığına təhdidlər yaratsa da, eyni zamanda internetin böyük potensial olduğunu bir daha yada salıb. Belə ki, 12 iyun seçkilərindən sonra İran hökuməti məhz internetə qarşı qadağalar tətbiq etdi. Buna baxmayaraq, iranlılar hələ də ölkə haqqında məlumat ala və şəkil, eləcə də videolarla tanış olma üçün, rəqəmsal mediaya çıxa bilirlər.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstutitinin nümayəndəsi Mehdi Xalaji isə deyir ki, Qərb dövlətləri insanların daha artıq azadlıq istədiyi ölkələrdə bu gün repressiya alətlərini zərərsizləşdirmək üçün texnologiya üzərində düşünməldiirlər.

Amnesty Internationalın şöbə müdiri Kumar isə əlavə edib ki, beynəlxalq təşkilatlar ABŞ Konqresini Qlobal İnternet Azadlığı üzrə qanun qəbul etməyə çağırırlar. O deyir ki, bu məsələ Bişləşmiş Ştatların əsas xarici siyasət prioritetlərindən biri olmalıdır.

XS
SM
MD
LG