Accessibility links

ABŞ Mətbuatı: Obamanın İranla bağlı mövqeyi


İranda cərəyan edən son hadisələrə Birləşmiş Ştatların rəsmi reaksiyası Amerika mətbuatında geniş debat mövzusudUr. New York Times qəzetində adının naməlum qalmasını arzulayan tələbə İranda baş verənlər haqda Amerikanın müəyyən dairələrində yanlış təsəvvür yarandığını yazır. Bəziləri İranda seçkilərin həqiqi olduğuna inanır və ABŞ-ın prosesə müdaxiləsinə qarşı çıxış edir. Onlar belə düşünür ki, rejimə qarşı etiraz edən insanlar yalnız varlı təbəqənin nümayəndələridir və sadə xalqın geniş əksəriyyəti Mahmud Əhmədinejadı dəstəkləyir. Müəllifin yazdığına görə bunlar büsbütün yanlış fikirlərdir. Belə ki, müasir İran 1979-cu ilin İranından radikal şəkildə fərqlənir. İranın aparıcı şəhərləri ölkənin ümumi əhalisinin siyasi proseslərə baxışını əks etdirir. Sinfindən, yaşadığı məhəllədən asılı olmayaraq, əksər iranlılar dəyişiklik istəyirlər. Xomeyni rejiminin sabiq kadrı kimi təbii ki, Musəviyə verilən dəstək ilk öncə o qədər də güclü deyildi. Lakin sonradan debatlar keçirildi və namizədlər arasında mübarizə qızışdıqca illərlə siyasi prosesdən kənarda dayanan, iştirak hüququndan məhrum edilmiş insanlar azacıq da olsa azadlıqlarını genişləndirmək üçün kampaniyaya qoşuldular. Belə ki, normal təmsilli respublika kimi fəaliyyət göstərməyən İranda siyasi partiyalar mövcud deyil, yalnız dini elitanın müəyyən etdiyi fərdlər seçkilərdə iştirak edə bilir. Sosial azadlıqların maksimum məhdudlaşdırıldığı bir yerdə siyasi proselərin hansı axarda inkişaf edəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir, lakin amerikalılar İranda təmsilli hökumətin mövcudluğu haqda hansısa illuziya altında olmamalıdırlar.



Obama administrasiyasının İrandakı hadisələrə münasibəti birmənalı qarşılanmır. Bir çox mühafizəkar şərhçilər prezidenti zəif mövqe sərgiləməkdə günahlandırır, və Amerikanın moral öhdəliklərdən yaxasını kənara çəkdiyini deyir. Washington Post qəzetinin yazarı Çarls Krauthammer ABŞ hökumətinin iran hadisələri zamanı 3 gün sükut saxlamasını, daha sonra isə baş verənlərə mülayim reaksiyasını tənqid edir. Onun sözlərinə görə Xameneyi hökuməti ilə hər vəchlə danışıqlara hazırlaan Barak Obama xalq üsyanına bir növ maneə kimi baxır. ABŞ Prezidentinin seçilməmiş diktator Ayətulla Əli Xameneyiyə hörmət əlaməti olaraq ali rəhbər kimi müraciət etməsi də bu yanlış düşüncənin göstəricisidir. Obamaya elə gəlir ki, xalqın etirazı sadəcə seçkidə səslərin saxtalaşdırılmasından qaynaqlanır. Halbuki 30 il istibdad altına yaşayan İran xalqı öz siyasi azadlıqları uğrunda mübarizəyə qalxıb. Krauthammerin yazdığına görə İranda islamçı hökumət devrilərsə bu, Sovet İttifaqının dağılması kimi nəhəng müsbət geo-siyasi inkişaf olardı. Necə ki, Sovetlərin məhvi kommunizmi bir ideya kimi iflasa uğratdı, İslam Republikasının süqutu radikal İslamın sonu demək olar və bütün yaxın Şərqdə ikinci demokratiya dalğasına təkan verərdi. Prezident Obama isə bu epik mübarizə fonunda İranın daxili işlərinə qarışmaq istəmədiyini deməklə kifayətlənir.

New York Times qəzetində yazı ilə çıxış edən Demokrat senator Con Kerri isə Obamanın tutduğu mövqeyi bəyənir. Bir çoxları kimi İranda baş verənlərin onu da ruhlandırdığını deyən Kerri bununla belə ehtiyatla davranmağı tövsiyə edir. Onun sözlərinə görə Amerikalıların bu məsələdə tərəf saxlaması problemləri daha da çoxalda bilər. Belə ki, İran hakimiyyəti Ağ Evin dediklərini manipulyasiya edərək azadlıq istəyən iranlıları Amerikanın agentləri kimi təsvir etmək üçün fürsət axtarır. “Reallıq budur ki, əgər Tehranda islahatçılar hansısa uğura ümid edirlərsə, İran seçkilərinin əsas obyekti İran olmalıdır, Amerika yox. Və bu küçə nümayişlərinin bizə öyrətdiyi dərs də odur ki, bu, İranlıların anıdır, amerikalıların yox,” deyə Kerri bəyan edir.

XS
SM
MD
LG