ABŞ prezidenti Barak Obama İran hökumətini öz xalqına qarşı haqsız və şiddətli hücumları dayandırmağa çağırıb.
Cənab Obama bu gün Tehranda İran qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmalar barədə yayılan məlumarlara münasibət açıqlayıb.
ABŞ prezidenti İran rəhbərlərini ölkəni zorakılıqla yox, razılıqla idarə etməyə çağırıb.
O, deyib ki, Birləşmiş Ştatlar toplaşmaq və azad ifadə kimi universal haqlara əməl edənlərlə birlikdədir.
Bu gün habelə Nyu York və Vaşinqtonda yüzlərlə nümayişçi İran müxalifətinə dəstək məqsədilə bir araya gəliblər.
Almaniyanın Hamburq şəhərinin küçələrində mindən artıq insan eyni məqsədlə keçirilən yürüşə qatılıb.
Eləcə də Parisin şimalında minlərlə adam İranın Milli Müqavimət Şurasının təşkil etdiyi mitinqə toplaşıblar.