Accessibility links

Dəyirmi Masa: İranda siyasi böhran


Iranda etiraz dalğası davam edir. Hər gün İranın müxtəlif şəhərlərində prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirilir. Hökumət isə müxalifətin iddialarını rədd edərək prezident Mahmud Əhmədinejadın qələbəsini təsdiq edib. Ölkənin ali dini rəhbəri Ayətulla Əli Xameneyi son bəyanatında nümayişçilərə xəbərdarlıq edərək bildirib ki, əgər onlar etirazçı əməllərinə son qoymasalar, onlara qarşı zor tətbiq ediləcək. İranda baş verən son hadisələri müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu və Azərbaycanın İranda sabiq diplomatı olmuş Sədrəddin Soltanı dəvət etdik.

İranda cərəyan edən olayları 1979-cu il İslam İnqilabı zamanı baş verənlərlə müqayisə edən Ərəstun Oruclu 30 il öncə ədalət şüarı ilə ayağa qalxmış xalqın bu dəfə azadlığa can atdığını önə çəkdi. Onun sözlərinə görə İslam İnqilabının hakimiyyətə gətirdiyi qüvvələr ölkədə totalitar rejim qurmaqla insanların fundamental hüquqlarını əllərindən aldılar. Seçkilərin nəticələrinin saxtalaşdırılması bir çox iranlılar üçün son zərbə idi. Artıq İranın siyasi elitasında da dəyişikliyə böyük ehtiyac və azadlığa zərurət hiss olunur. Cənab Oruclunun fikirlərini bölüşən Sədrəddin Soltan İslamçı hökumətin inqilabın vədlərini yerinə yetirmədiyini vurğuladı. İqtisadi baxımdan rəhbərliyin yürütdüyü yarıtmaz siyasət ölkədə mövcud olan problemləri daha da çoxaltdı və nəticədə əksər iranlılar hökumətə qarşı sərt etirazdan başqa çıxış yolu görmür.

İranda baş qaldıran etiraz dalğasında Azərbaycan Türklərinin rolundan bəhs edən siyasi şərhçilər son hadisələrdə azərbaycanlıların da fəal iştirakını diqqətə yetirdilər. Cənab Oruclunun fikrincə İran azərbaycanlılarının milli-mədəni mübarizəsinə İranın ümumi siyasi kontekstindən yanaşmaq lazımdır. İranda demokratiya gücləndikcə və inkişaf etdikcə başqa milli azlıqlar kimi Azərbaycan Türkləri də öz hüquqlarına sahib çıxacaqlar. Cənab Soltan qeyd etdi ki, əgər hüquqları kobud şəkildə pozulmaqda davam edərsə onda İranda milli azlıqların separatçı meylləri daha da güclənə bilər. Bunun qarşısını almaq üçünsə İran rəhbərliyi həmin qrupların maraqlarını tanımalı və onların istəkləri ilə ayaqlaşmalıdır.

XS
SM
MD
LG