Accessibility links

ABŞ Mətbuatı: İran təlatümləri və Sovet təcrübəsi


İranda cərəyan edən siyasi təlatümün dinamikası hökumətin tətbiq etdiyi informasiya blokadası üzündən müəmmalı qalır. Bəzi Amerikalı müşahidəçilər isə indi spekulyasiya anı yox, mənəvi dəyanət anı olduğunu önə çəkir.

Washington Post qəzetində yazan Çarlz Krauthammer İranın demokratik inqilabının gələcəyini Mir Hüseyn Musəvinin sərgiləyəcəyi mövqe ilə əlaqələndirir. İran inqilabı indi öz Yeltsinini axtarır – elə bir şəxsiyyət ki, rejimin içərisindən çıxıb onu dağıtmaq cəsarətində buluna. Hazırda isə İranda belə lider yoxdur. Müxalifət namizədi Mir Hüseyn Musəvi iyunun 18-dən bəri ictimaiyyət arasında görünməyib. O biri tərəfdən Xameneyi-Əhmədniejad cütlüyü geniş yayılmış etiraz dalğasını qanla yatırmaqda əzmli görünür. Krauthammerin yazdığına görə hazırda İran rejimi etirazı yatırmaq üçün ağıllı taktika seçib. Onlar Çindən fərqli olaraq Tinanamen meydanında olduğu kimi kütləvi şəkildə vətəndaşları qırmaq istəmirlər. Bu addım risklidir. İşləyəndə, Çindəki kimi rejim hakimiyyətdə qalır, iflasa uğradıqda isə Rumıniyada Çauşesku kimi gəbərirlər. Əvəzində İran rejimi nümayişçiləri təcrid olunmuş şəraitdə təqib etməklə, kimisini öldürmək, şikəst və ya həbs etməklə alır.

Krauthammerin yazdığına görə bəzilərində yanlış olaraq belə bir təsəvvür var ki, artıq İranda rejimin taleyi bitmək üzrədir. Lakin əgər bu hərəkata sağlam şəkildə rəhbərlik edilməsə onda İslamçılar qalib çıxacaqlar. Yazar Prezident Obamanın ilk öncə Musəvi ilə Əhmədinejad arasında ciddi fərq görmədiyini söyləməsini böyük səhv adlandırır. Onun sözlərinə görə son bir neçə həftə ərzində İranda, və eləcə də namizədlərin dünyagörüşlərində tektonik dəyişiklik baş verib. İnqilabın dinamikası elədir ki, o, öz liderlərini radikal şəkildə dəyişir. Aydındır ki, rejim Musəvinin siyasi məhvi üçün əsaslar hazırlayır və mümkündür ki, sonda bu plan onun edamı ilə nəticələnsin. Belə olan halda Musəvi tez bir zamanda seçim etməlidir. Ya o, Mixail Qorbaçov kimi çürümüş sistemi islah etməli, ya da Boris Yeltsin kimi onun süqutuna fərman verməlidir.

İran təcrübəsini Sovet təcrübəsi ilə müaqyisə edən başqa müşahidəçi sabiq Sovet dissidenti Natan Şaranskidir. Los Angeles Times qəzetində məqalə ilə çıxış edən Şaranski İranda müşahidə etdiklərini Sovet İttifaqında yaşadığı məşəqqətli təcrübə ilə müqayisə edir. Sabiq dissident bu iki təcrübə arasında ciddi paralellər görür. O zaman da Sovet İttifaqını yaxından izləyən ekspertlər kommunizmin dağılacağını proqnozlaşdıra bilməmişdilər. Hamıya elə gəlirdi ki, Sovet düzəni əhalinin həqiqi arzularını və maraqlarını əks etdirir. Halbuki reallıq bunun əksi idi.

Hər bir totalitar cəmiyyət üç zümrədən ibarət olur: həqiqi davamçılar, ikili düşünənlər, və dissidentlər. Totalitar cəmiyyətlərdə insanların əksəriyyəti inanmadıqları şeyləri danışmağa vərdiş edirlər. Onlar artıq rejimə inanmırlar amma bunu açıq deməyə qorxurlar. Üçüncü zümrə isə dissidentlərdir ki, bunlar öz inanclarını möhkəmləndirir, cilalayır və daha sonra çoxluğun arzularına uyğun qaydada əmələ çevirirlər. Natan Şaranskinin fikrincə artıq İranda əksəriyyət dissidentlərin tərəfinə keçib. Sivil dövlətlərin öhdəliyi isə məhz cəmiyyətin bu zümrəsinə qulaq asmaq və özlərinə tərəfdaş kimi çürümüş rejimin xadimlərini yox, gələcəyin təmsilçilərini seçməkdir.

XS
SM
MD
LG