Accessibility links

QHT-lər haqqında qanun dəyişikliklərlə qəbul olundu


Bakıdakı “Turan” İnformasiya Agentliyinin məlumatılna görə, iyunun 30-da Azərbaycan parlamenti QHT-lər haqqında və bir sıra digər qanunlara düzəlişlər paketini qəbul edib. Lakin yekun variantda vətəndaş cəmiyyətinin etirazlarına səbəb olan normalar sənəddən çıxarılıb.

Xüsusən, qeydiyyatı olmayan QHT-lərin fəaliyyətinin qadağan edilməsi, QHT-lərin xarici mənbələrdən maliyyələşməsinin məhdudlaşdırılması haqda normalar və bir sıra digər müddəalar çıxarılıb.

KİV haqqında qanuna mürtəce düzəlişlər də ləğv edilib. Xüsusən, iki il ərzində üç dəfə məhkəmə məsuliyyətinə cəlb edilmiş çap orqanının bağlanmasını nəzərdə tutan norma qəbul edilməyib.

Son redaksiyada bir düzəliş qalıb ki, ona əsasən Azərbaycanın dahi şəxslərinin adına onların yaxınlarının icazəsi olmadan çap orqanı yaratmaq qadağan olunur. KİV orqanı əvvəllər təsis edilmiş çap nəşriyyatları ilə eyni ada, habelə vətəndaşların milli və dini hisslərini təhqir edən adlara malik ola bilməz.

Bununla belə, Dini etiqad azadlığı haqqında qanuna düzəlişlər, inanclı şəxslərin etirazlarına baxmayaraq, olduğu kimi qəbul edilib.

Belə ki, 21-ci maddəyə edilən düzəlişə əsasən, xaricdə təhsil alan şəxslər dini ayinlərin icra edildiyi yerlərə rəhbərlik edə bilməzlər.

“8-ci maddəyə edilən düzəlişə əsasən, belə yerlərə rəhbərlərin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılaraq həyata keçirilməlidir”, - deyə agentlik yazır.

Elə bu gün Bakıda bir çox QHT-lərin təmsilçiləri qanuna təklif olunan əlavə və dəyişikliklərə etiraz edərək aksiya keçirməyə cəhd ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, qəbul olunan layihədə QHT-lərin fəaliyyəti üçün zərərli olan bəzi kiçik problemlər qalıb.

Məsələn, ictimai birliklərinin üzvlərinin məcburi reyestrinin tərtib olunması barədə maddə tələb edir ki, təşkilatlar bütün üzvlərinin sayını və adlarını təqdim etsinlər. Bu isə fəal insanların sonradan təqib olunmasına imkan yara bilər:

Qeyd etmək yerinə düşər ki, Azərbaycan parlamentinə təqdim olunmuş, müstəqil medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə əlaqədar qaydalarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi beynəlxalq rəaksiyalara səbəb olmuşdu.

Beynəlxalq insan hüquqları təşkilatı Amnesty İnternational dünən Böyük Britaniya, Almaniya və Türkiyə də daxil Avropanın müxtəlif ölkələrində Azərbaycanda müstəqi media və GHT-lərin qeydiyyatı barədə yeni qanun layihəsi əleyhinə nümayişlər təşkil edib.

Aksiyaların məqsədi isə Azərbaycanda müstəqil jurnalistlər və GHT nümayəndələri ilə həmreylik nümayiş etdirməkdir.

Amnesty İnternationalın bildirdiyinə görə parlamentə təqdim edilmiş qanun layihəsi qəbul olunduğu təqdirdə bu hökumətin jurnalistlər və insan hüquqları fəallarının fəaliyyətləri üzərindəki nəzarətini artıracaq, onların suistifadələrin üstünün açılması və rəsmi dairələrin cəvabdehliyi məsələsini qaldırmaq kimi fəaliyyətləri yerinə yetirmək imkanlarını məhdudlaşdıracaq.

Təşkilatın Avropa və Orta Asiya proqramının direktoru Nikola Duckworth deyib ki, məhdudlaşdırıcı qanun təkliflərinin verilməsi və xarici yayımların qadağan edilməsi Azərbaycanda rəsmi dairələrin mediaya müdaxilə üçün istifadə elədiyi metodlardandır. O söyləyib ki, müstəqil media və vətəndaş cəmiyyətinin mövcud olmadığı bir ictimaiyyət “səsi eşidilməyən” ictimaiyyətdir.

XS
SM
MD
LG