Accessibility links

Barak Obama sabah Dmitri Medvedevlə görüşəcək


ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevlə yüksək səviyyəli dialoq aparmaq üçün bu axşam Vaşinqtonu tərk edərək, Moskvaya yola düşəcək.

Bu, Barak Obamanın ABŞ prezidenti qismində Rusiya paytaxtına ilk rəsmi səfəridir. Dövlət başçıları Moskva görüşü ilə Rusiya-ABŞ münasibətlərindəki 7 illik gərginliyə son qoymağa ümid edirlər.

Prezidentlər inanırlar ki, nüvə silahlarının daha çox ixtisarına aid müqavilənin bağlanması, İran və ya Gürcüstan kimi daha həssas məsələlərin həllinə yol aça bilər.

İki liderin sabah keçiriləcək görüşündə müddəti bu ilin dekabrında bitməli olan nüvə silahlarının ixtisarına dair müqavilə ətrafında yeni çərçivə sənədinin imzalanacağı gözlənilir.

Bundan sonra hər iki tərəfin ekspertləri gələn dekabrda imzalanmalı olan təfərrüatlı müqavilə layihəsini hazırlamalıdırlar.

Hələ bu ilin əvvəllərində prezidentlər London görüşündə strateji silahlarının ixtisarına dair müqavilənin yenilənməsi barədə danışıqlara başlamağa qərar vermişdilər.

Səfər ərəfəsində Rusiya prezidenti ümid etdiyini bildirib ki, bu cür əməkdaşlıq Amerika-Rusiya münasibətlərində yeni və bəhrəli bir səhifə ola bilər.

Lakin cənab Medvedev əlavə edib ki, Vaşinqton da Avopada antiraket sistemi quraşdırmaqla bağlı planlarında kompromis nümayiş etdirməlidir.

Belə ki, iki liderin görüşündə ABŞ-ın Polşa və Çex respublikasında müdafiə sipəri yerləşdirmək planları da müzakirə olunacaq.

Moskva deyir ki, raketdən müdafiə sistemi Rusiyanın ərazilərinə hədədir. Vaşinqtonsa bunun yalnız İrandan gələn təhlükələrə qarşı olduğunu israr edir.

Səfər ərəfəsində ABŞ prezidenti də Rusiyanın "Novoya qazeta"sına müsahibə verib. O, ölkəsinin Avropada müdafiə sipəri yaratmaq planına bir daha aydınlıq gətirərək, bunun İranla bağlı olduğunu təkrarlayıb.

Cənab Obama deyib ki, Amerika-Rusiya əlaqələrinə Soyuq Müharibə mövqelərindən yanaşma tərzi artıq köhnəlib, və indi başqa istiqamətdə irəliləməyin vaxtı çatıb.

Obama ilə Medvedevin habelə Əfqanıstandakı Amerika qüvvələrinin təchizatında Rusiya ərazisindən istifadəyə dair müqavilə imzalayacağı da gözlənilir.

Rusiya tərəfi bu əməkdaşlığın yalnız qeyri-hərbi təchizatların daşınmasında tətbiqinə razılıq verib.

Ancaq Moskva deyir ki, onlar öz ərazilərindən Əfqanıstanda Talibana qarşı döyüşən qüvvələr üçün silah-sursat daşınmasına da icazə verə bilərlər.

ABŞ-la Rusiya arasında münasibətlər əsasən ötən il ikincinin Gürcüstana istilası və bu ölkənin separatçı bölgələrinin müstəqilliyini tanımaslından sonra korlanıb.

Vaşinqton və bir çox Qərb hökumətləri Rusiyanın hərəkətlərini kəskin pisləyirdi. Moskva isə deyirdi ki, onun Gürcüstana müdaxiləsi bu ölkənin əsasən ruslar yaşayan Cənubi Osetiyaya hərbi hücumundan sonra baş verib.

Moskva səfərinin ardınca Amerika prezidenti İtaliyada Səkkizlərin Görüşünə və daha sonra isə Qanaya yollanacaq.

XS
SM
MD
LG