Accessibility links

ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ nizamlanmasına dair baza prinsiplərinin yekunlaşdırılmasına çağırır


Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanata görə, ABŞ, Rusiya və Fransa Böyük Səkkizliyin sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin yekunlaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verdiklərini bir daha təkrar edib. Bəyanatda bildirilir ki, Minsk qrupuna üzv ölkələrin prezidentləri Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi 2007-ci il Madrid sənədinin yeni versiyasının təqdim edilməsi barədə vasitəçilərinə göstəriş verdiklərini bildirib. Ağ Evin bəyanatında deyilir ki, baza prinsipləri Helsinki Yekun Sənədinin gücdən istifadə edilməməsi, ərazi bütövlüyü, xalqların bərabər hüquqlu olması və öz müqəddəratlarını təyin etməsi prinsiplərinə əsaslanan məntiqli bir kompramizi əks etdirir.

Hər üç ölkənin dövlət başçısı Ermənistan və Azərbaycan prezidentlərini aralarındakı bir neçə fikir ayrılığının aradan qaldırılmasına və münaqişənin həllini nəzərdə tutan baza prinsiplərinə dair razılığın yekunlaşdırılmasına çağırıb.

Ermənistan və Azərbaycana təqdim edilən baza prinsiplərinə dair razılıq 2007-ci ilin noyabr ayında ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirləri tərəfindən Madriddə əldə edilmişdi.

Baza prinsiplərinə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, təhlükəsizlik və özünüidarə təzminatı ilə Dağlıq Qarabağın müvvəqqəti statusunun müəyyənləşdirilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yaradılması, xalqın iradəsi ilə Dağlıq Qarabağa yekun hüquqi status verilməsi, məcburi köçkünlər və qaçqınların geri qaytarılması, habelə beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi daxildir.

Baza prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən təsdiq edilməsi bu iki ölkə və onların sərhəd regionlarının sülh, sabitlik və rifahını təminat altına almalıdır.

XS
SM
MD
LG