Accessibility links

İranda rejimdaxili qarşıdurma güclənir


İranın müxalifət lideri Mir Hüseyn Musəvi ötən ayın prezident seçkilərinin nəticələrinə qarşı baş qaldırmış etiraz dalğasını davam etdirmək üçün yeni siyasi qruplaşma təsis etməyi planlaşdırır. “Bu cəbhənin yaranması Mir Hüseyn Musəvinin gündəmindədir və biz tezliklə onun təsisatını elan edəcəyik,” deyə Əlirza Beheşti islahat yönümlü Sərmayə qəzetinə bildirib. Rəsmi nəticələrə görə ötən ay keçirilən səsvermədə Mahmud Əhmədinejada məğlub olan Mir Hüseyn Musəvi seçkiləri saxta adlandıraraq nəticələrlə barışmayacağını bəyan edib. Beheşti detallara varmasa da iyulun 2-də Müsəvi “vətəndaşların seçkilərdə tapdanmış səslərini və hüquqlarını” qoruyacağını söyləyib.

1979-cu il İslam İnqilabından bəri yüz minlərlə adam küçələrə axışaraq hökumətə qarşı etiraz etdilər. Rəsmilərin dediyinə görə iğtişaşlar zamanı azı 20 adam öldürülüb, yüzlərlə müxalifət fəalı isə zindana atılıb. Musəvinin tərəfdarları hesab edir ki, İranda hazırkı situasiya yeni siyasi cəbhə açmağa imkan verir. Belə ki, ölkənin elitası və ziyalılar seçkilərdə Musəviyə səs veriblər.

Bu arada Mir Hüseyn Musəvi və onun həyat yoldaşı ictimaiyyət qarşısına çıxaraq iğtişaşlar zamanı həlak olan 19 yaşlı gəncin ailəsinə baş çəkiblər. Sabiq prezidenliyə namizəd və Zəhra Rəhnavərd Tehranda müqavimət hərəkatının simvoluna çevrilmiş Zöhrab Arabinin anası ilə görüşüblər. Gooya internet səhifəsində Musəvi və Rəhnavərdin iri izdihamla əhatə olunduğu nümayiş etdirilir.
Bir çox müşahidəçi İranda cərəyan edən proseslərin həmin ölkədə dəyişikliyin qaçılmaz olması qənaətindədirlər. Weekly Standard məcmuəsində İran rejimi daxilində baş verənləri şərh edən Röyel Mark Gerext İslam respublikasının bünövrəsində çat əmələ gəldiyini yazır. Düzdür, hər gün siyasi fəallar yoxa çıxır, hökumətin represiya aparatı müxalif səsləri susduraraq küçələrə nəzarəti bərpa edib. Lakin bir çox iranlılar öz ölkələrində baş verən olayları fitnə kimi qiymətləndirir. İslam tarixində dərin məna kəsb edən bu termin müsəlman icmasında baş qaldıran vətəndaş qarşıdurmasına işarə edir. Mövcud siyasi uçurumun bir tayında Ayətulla Əli Xameneyi və onun avtoriar İslam ədaləti hökuməti prinsipi, o biri tayında isə Musəvinin təmsil etdiyi, və artan sayda gənc nəslin dəstəklədiyi İslam cümhuriyyəti hökuməti ideyası dayanır. Dini ədliyyə mütəxəssisləri bir ruhaninin dövləti idarə etməsinə həqarətlə baxırlar. Xameneyinin müttəfiqləırindən fərqli olaraq onlar hökumətin xalq iradəsinə tabe edilməsini tədricən mühüm hesab edirlər. O biri tərəfdən şiələr arasında böyük nüfuza malik olan Ayətulla Əli Sistani İrandakı proseslərə öz təsirini göstərməkdədir. Bu həmin Sistanidir ki, qonşu İraqda demokratik hakimiyyət modelinin təsis olunmasında müqayisə edilməz rol oynayıb. Onun fitvaları və tövsiyələri əsasında iraq ruhani idarə üsulundan yan keçə bilib. Şiə islamının ən müqəddəs şəhəri olan Nəcəfdə qərargahlanan Ayətulla Sistani indi özünü Allahın yerdəki nümayəndəsi kimi qələmə verən, lakin əslində ortabab savadlı Xameneyi ilə sərt təzad təşkil edir. Üstəlik İslam İnqilibanın müəlliflərindən olan qüdrətli Əli Əkbər Haşemi Rəfsəncaninin Mir Hüseyn Musəvi kampaniyasına dəstək verməsi Xameneyi hökuməti qarşısında problemi xeyli ağırlaşdırıb.

US News & World Report məcmuəsində tanınmış Amerika statistikinin İran seçkilərinə dair təhlilinə diqqət yetirilir. Miçiqan Universitetinin professoru Valter Mebeynin apardığı statistik araşdırmalar göstərir ki, Mahmud Əhmədinejadın iyun seçkilərindəki qələbəsi saxtadır. Onun sözlərinə görə istər coğrafi, istərsə də keçmiş seçkilərlə müqayisə baxımından Əhmədniejadın rəsmilərin dediyi qədər səs toplaması qeyri real görünür. Onun istifadə etdiyi Benford Qanunu ABŞ, Rusiya və Meksika seçkilərinə də şamil edilib ki, burada səslərin saya alınmasında müəyyən qanunauyğunluq gözlənilir. Iran səsverməsinin nəticələri isə hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən qanunauyğunluqlarla ayaqlaşmır, və sanki kiminsə istədiyi hər hansı rəqəmi istədiyi namizədə qeydiyyatdan keçirməsini göstərir.

XS
SM
MD
LG