Accessibility links

Brukings institutunda “Avropanın enerji təhlükəsizliyi sahəsində Türkiyə və Rusiyanın rolu” mövzusunda  konfrans keçirilib


Dünən Vaşinqtonda yerləşən Brukings institutunda ABŞ, Avropa və Enerji təhlükəsizliyi təşəbbüsləri Mərkəzi “Avropanın enerji təhlükəsizliyi sahəsində Türkiyə və Rusiyanın rolu” mövzusunda konfrans keçirilib. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar konfrasın əsas məruzəçisi olub.

Cənab Morninqstar Obama administrasiyasının beynəlxalq münasibətlərin vacibliyini dərk etdiyini deyərək, Amerikanın enerji sektorunu siyasi və diplomatik əlaqərin əsası hesab etdiyini deyib. Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi vəzifəsinə rəsmən aprel ayının 6-da başlayan Riçard Morninqstar deyib ki, ABŞ enerji məqsədlərinə təklikdə nail ola bilməz. Bu ölkənin enerji diplomatiyası onun beynəlxalq müstəvidə müttəfiqləri və dostlarının yardımını tələb edir.

Türkiyədə Nabukko qaz kəməri layihəsinin hökumətlərarası imzalanma mərasimindən yenicə qayıdan Morninqstar Nabukkonu Avropaya açılan yeni bir qaz dəhlizi adlandırıb. O deyib ki, mərasim Türkiyə və layihədə iştirak edən digər dövlətlərin layihənin həyata keçirilməsi öhdəliklərinə sadiq qaldığına gözəl bir nümunədir.

“21-ci əsirdə heç bir ölkə özünü qlobal market və qlobal iqtisadiyyatdan təcrid edə bilməz. Rusiyanın yanvar ayında Ukraynaya qaz nəqlini dayandırması bir sıra ölkələri mənfi təsirinə məruz qoymuşdu. Enerji təhlükəsizliyi qlobal məsələdir. Böyük Səkkizliyin Sank- Peterburq sammiti enerji təhlükəsizliyinin əsas prinsiplərinin əldə edilməsinə yardım etdi”-deyə Morninqstar bildirib. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi ABŞ-ın enerji strategiyasının əsas aspektləri- yeni enerji resurslarının istismarı və bu resurslardan səmərəli şəkildə istifadə edilməsini diqqətə çatdırıb.

Morninqstar deyib ki, Azərbaycan və ya Türkmənistanın enerji ehtiyatlarının bir damlası belə ABŞ-ın payına düşməsə də, bunun beynəlxalq qaz təchizatı sahəsi üçün mühüm əhəmiyyəti var.Riçard Morninqstar enerji təhlükəsizliyinin təminatı üçün regionlarda siyasi sabitliyin vacibliyini də vurğulayıb.
XS
SM
MD
LG