Accessibility links

Qərb mediası Türkmənistanla Azərbaycanın Xəzərdəki yataq mübahisəsi barədə


Türkmənistan bu həftə Xəzərdəki yataqların mənsubiyyətini beynəlxalq məhkəmə ilə müəyyən etmək niyyətində olduğunu bildirib. İnformasiya agentlikləri bildirirlər ki, bu barədə bəyanatla prezident Qurbanqulu Berdıməhəmmədov hökumət iclasında çıxış edib.

Assoşieyted Press agentliyi prezidentin yerli televiziya ilə yayımlanan çıxışından belə bir sitat gətirir ki, Azərbaycanla mübahisəli yataqlar barədə məsələnin öyrənilməsinə aparıcı hüquqşünasların cəlbindən sonra sənədlər Beynəlxalq Arbitraja təqdim olunmalıdır.

Berdıməhəmmədov deyib ki, bütün səylərə rəğmən Xəzərin mərkəzində yerləşən yataqlara dair konsensus əldə edilməyib.

Röytersin müxbiri isə yazır ki, Türkmənistan lideri açıq şəkildə Azərbaycanı onun ərazisində yerləşən yataqların birtərəfli qaydada istismar etməkdə suçlayıb.

Agentlik daha sonra Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekovun bu barədə çıxışını xatırladır. Komekov deyib ki, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqları müəyyən ümid yaratsa da, onların səylərinə baxmayaraq, Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb.

Danışıqların tarixinə toxunan nüfuzlu Asia Times dərgisinin yazarı Robert Catler isə yazır ki, Türkmənistanda belə bir fikir oturuşub ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması türkmənlərin «Ömər» və «Osman», azərbaycanlıların isə «Azəri» və «Çıraq» adlandırdığı mübahisəli yataqların məhz birtərəfli istismarına başlayan Bakının xüsusi mövqeyinə görə gecikir. Aşqabad habelə həmçinin, Azərbaycanın «Kəpəz» adlandırdığı, türkmənlərin isə mərhum türkmənbaşının şərəfinə sərdar adı verdiyi yatağa da iddialarını gizlətmir.

Müəllifə görə, bütün bu mübahisələrin fonunda Avropa Birliyi hələ də ümid eləyir ki, Türkmənistan Rusiyadan yan keçməklə Avropaya qaz ötürülməsi üçün nəzərdə tutulan «Nabukko» kəmərinə qazı ilə dəstək olacaq.

Sovet İttifaqı dağılandan sonra Xəzəryanı dövlətlərin 5-dən 3-ü (Qazaxıstan, Rusiya və Azərbaycan) Xəzərin delimitasiyası, dibinin və yeraltı sərvətlərinin bölünməsi ilə bağlı razılaşıb.

Bakıda hesab edirlər ki, Azərbaycanın «Kəpəz», Türkmənistanınsa «Sərdar» adlandırdığı neft yataqları ilə bağlı Aşqabadın nəyisə araşdırmaq istəyinin kökündə hər hansı hüquqi istinad yoxdur. Sadəcə Türkmənistan sovet dövründə Azərbaycan neftçilərinin kəşf etdiyi və Azərbaycanın xeyli sərmayə qoyduğu neft yatağına yiyə durmağa çalışır.

Bəs görəsən, bu işin məhkəmə perspektivi nə qədərdir? Qərb yazarlarının ümumi rəyi bleədir ki, ən yaxşı yol məsələnin qarşılıqlı danışıqlarla həll olunmasıdır.

“Kəpəz yatağı ilə bağlı Türkmənistanın iddiaları hələ keçmiş prezident Saparmurat Niyazovun dövründə də olmuşdu. Amma sonra bu məsələ bir müddət sakitləşdi” – deyə Assoşieyted Pressin müxbiri Aleksander Verşinin xatırladır.

O diqqəti buna yönəldir ki, hətta Türkmənistanın indiki prezidentinin seçiləndən sonra Azərbaycana səfər etməsi iki ölkə arasında bu mübahisəli məsələnin bitməsi anlamına gəlmişdi.

Buna görə də məsələnin ən real həll yolu iki ölkənin enerji rəsmiləri və diplomatlarının bir masa arxasında artıq dəfələrlə sınaqdan keçirilmiş müzakirələri davam etdirməsidir.

XS
SM
MD
LG