Accessibility links

ABŞ Konqresində Rusiya ilə münasibətlərə dair dinləmə keçirilib


Bu yaxınlarda ABŞ Konqresində keçirilən iki dinləmədə amerikalı diplomatlar və hərbi rəsmilər Obama administrasiyasının ABŞ-Rusiya münasibətlərini tənzimləməsi yollarını müzakirə ediblər. Dinləməyə dəvət olunanlar qanunvericilərin kəskin sualları ilə qarşılaşıblar.

ABŞ-Rusiya münasibətərinin gələcəyi barədə suallar çoxdur - silahlara nəzarətdən tutmuş, anti-raket sistemi, İranın nüvə proqamı, terrorizmə qarşı mübarizə və Rusiyada insan hüququları və media azadlıqlarınn durumunadək bir sıra mövzular qızğın debat obyekti olub.

Dövlət Departamenti və Pentaqon rəsmiləri Moskvada iyul ayında keçirilən sammitin ardınca ABŞ-Rusiya münasibətlərində ciddi irəliləyişin olduğunu bildirərək hərbçilər arasındakı təmasların öz məcrasına qayıtdığını söyləyiblər.

Müdafiə nazirinin beynəlxalq təhlüksizlik məsələləri üzrə müavini Aleksandr Verşbou sammitin gözlənildiyindən daha məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə imzalanmış saziş əsasında ABŞ qüvvələri və hərbi ləvazımatı Rusiya hava məkanından keçə biləcək ki, bu da 4,500 hərbi uçuş və məhdudiyyətsiz kommersial uçuşlara icazə verir. Təchizat marşrutlarının müxtəlifliyi öz növbəsində ABŞ-a tranzit vaxtını və yanacaq xərclərini azaltmağa imkan verəcək.

Bir sıra konqresmenlər ABŞ-Rusiya hərbi münasibətlərinin Amerikanın NATO müttəfiqləri ilə əlaqələrinə göstərəcəyi təsir haqda sual ünvanlayıblar. ABŞ Baş Qərargahlar İdarəsinin Strateji Planlaşdırma və Siyasət bölməsinin direktoru vitse admiral Ceyms Vinnefild qanunvericiləri arxayın edib ki, bu təmaslar NATO tərəfdaşları ilə mövcud əməkdaşlığa təsir göstərməyəcək.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon bildirib ki, prezident Obamanın münasibətlərdə yeni başlanğıca çağırmasından bəri ölkələr arasında xoş məramın yaradılması yönümündə mühüm addımlar atılıb. Bunnla belə ABŞ Rusiya ilə Gürcüstan və Ukrayna məsələlərində razılaşmır. Eyni zamanda Pentaqon nümayəndəsi Çeleste Vallander hesab edir ki, Rusiya aydın şəkildə NATO ilə əlaqə qurmağa can atır.

ABŞ-ın Çex Respublikası və Polşada anti-raket sistemi yerləşdirməsi planı haqda Demokrat konqresmen Deyvid Skottun sorğusuna cavab verən Qordon planın qüvvədə qaldığını bildirdi. O, Rusiyanın İranla bağlı məsələdə əməkdaşlıq nümayiş etdirəcəyinə ümidini izhar etdi, lakin bu əməkdaşlığın anti-raket texnologiyasını lüzumsuz etməsi haqda fikirlərlə razılaşmadığını qeyd etdi. Demokrat Robert Veksler isə Rusiyanın Gürcüstandakı davranışlarını əsas gətirərək Rusiyanın davranışında müsbət dəyişikliklərin sezilmədiyini bildirdi. Vekslerin sözlərinə görə Rusiya BMT-nin Gürcüstanla bağlı bir sıra qətnamələrini yerinə yetirməyib və Tehrana silah satmaqda davam edir.

Dövlət Katibinin müavini Qordon qanunvercilərə söylədi ki, Obama administrasiyası Rusiyanın İrana mürəkkəb silahlar, o cümlədən anti-təyyarə qurğuları satması ilə əlaqədar narahatlığını rəsmi Moskvaya çatdırıb. O, bildirib ki, ABŞ hökuməti hazırda Rusiyanı inandırmağa çalışır ki, İranın mürəkkəb silahlara malik olması hər iki dövlətin mənafelərinə ziddir.

XS
SM
MD
LG