Accessibility links

Metyu Brayza: Minsk qrupu effektiv bir modeldir


Minsk qrupunun həmsədri kimi vəzifə müddəti başa çatan Metyu Brayza prosesin effektiv olduğunu, bu illər ərzində tərəflərin razılığa daha yaxın olduğunu bildirir.

“Biz, adi vasitəçilər prezidentlərin bir-birinə inanıb, əl-ələ verib və “bəli, biz məsələni həll etdik” sözlərini nə zaman deyəcəklərini əvvəlcədən söyləyə bilmərik. Lakin mən onu deyə bilərəm ki, bu son 13 ay ərzində prezident Əliyev və prezident Sarkisyan mühüm inkişafa nail ola biliblər. Onlar fikrimcə, münaqişənin nizamlanmasının konsepsiyasını razılaşdıra biliblər. Mən sözlərimi ehtiyatla seçməliyəm. Onlar həll yolunun necə ola biləcəyilə bağlı konsepsiya haqda razılığa gəliblər. Tam razılığa gəlmək və öz xalqları ilə bir razılıq əldə etmək məsələsinə gəldikdə, onlar bir sıra detalları hazırlamadırlar. Bir həftə öncə həmsədrlər Polşada Krakovda görüşdülər. Burada biz prezidentlərin tövsiyələrini necə yerinə yetirmək üzərində düşündük.”

Danışıqlar prosesilə bağlı həmsədrlərin ümidverici bəyanatlarına baxmayaraq, görüşlərin sonunda nəticənin əldə olmadığı ilə bağlı sualı cavablandıran Minsk qrupunun həmsədri iki həftə əvvəl Moskvada keçirilən danışıqlara qayıdır.

“Mən də, o biri həmsədrlər də ümid edirdik. Fikrimcə, elə prezidentlərin özləri də ümid edirdilər ki, baza prinriplərinin bəzi elementlərilə bağlı müəyyən razılıq əldə olunduğunu elan edə biləcəklər. Onlar razılıq əldə olunmasına lap yaxın idilər. Mən onların bu görüş zamanı razılığa gəldiklərini elan edə bilmədiklərindən narazı idim. Lakin eyni zamanda, prezidentlər bizə dedilər ki, həmsədrlər, siz bəzi məsələlər ətrafında bir qədər də düşünün, baza prinsiplərinin yerdə qalan elementləri üzrə bizim son razılıq əldə bilməyimiz üçün bizə yeni ideyalar verin. Mənə elə gəlir ki, bu, bizim razılığa ən yaxın olduğumuz bir vaxt idi. Minsk qrupunun həmsədri kimi bu, həm də ilk dəfə idi ki, mən razı qalmadığımı ifadə etdim. Mən həmsədr kimi vəzifə müddətim bitən bir vaxt bunun elan edilməsini istəyirdim. Mənim narazılığım da onda bununla bağlı idi.

Keçən il Rusiya-Gürcüstan müharibəsindən sonra Minsk qrupunda həmsədrlərdən biri olan Rusiyanın həqiqətən də münaqişənin nizamlanmasına maraqlı olduğu ilə bağlı sualları cavablandıran cənab Brayza iki məsələni qarışdırmamağı tövziyə edir. Onun sözlərinə görə, Minsk qrupu olduqca effektiv bir strukturdur və işi düzgün aparır.

“Əgər Gürcüstanla bağlı ABŞ və Rusiya arasında münasibətlərin nə qədər gərgin olduğuna baxsanız, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə eyni dərəcədə yaxşı olublar. Mənim həmkarım səfir Merzlyakov bütün görüşlərimizdə konstruktivlikdən başqa bir şey nümayiş etdirməyib. Yenə də fikrimcə, Minsk qrupu olduqca effektiv bir formuldur və bunu 2007-ci ildə Madriddə masa üzərinə qoyduğumuz və hazırda üzərində işlədiyimiz sülh təklifləri sübut edir. Bizim ayrı-ayrılıqda həmsədr kimi gördüyümüz işləri götürdükdə və prezidentlərin iyul ayında bəyanatında əks etdirildiyi kimi prosesə qatıldığını əlavə etsəniz, səmimi olaraq mən əmin deyiləm ki, bu modeli bundan daha yaxşı etmək necə mümkündür. Bəlkə bunu məndən yaxşı bir vasitəçi olsa, etmək mümkün ola bilər.”

Münaqişənin nizamlanması ilə bağlı gözləntilər və perpsktivlərə gəldikdə, cənab Brayza ilin sonuna qədər baza prinsiplərini yekunlaşdırılıcağına ümid bəslədiyini deyir.

“Mən gələn həftə Bakıya səfər edəcəm və liderlərlə Madrid sənədi ətrafında təklifləri müzakirə edəcəm. Tərəflərin narahatlqlarını ünvanlaya biləcəyimizə ümid edirəm. Həmsədlər sentyabrın sonunda regiona səfər edəcəklər. Əsas məqsəd ilin sonuna qədər baza prinsiplərinin yekunlaşdırılmasına nail olmaqdır. Biz vaxt baxımından heş bir təzyiq göstərmək istəmirik. Lakin ABŞ, Rusiya və Fransa prezidentləri və xarici işlər nazirləri prosesə böyük maraq göstərirlər və biz də bu məqamdan istifadə etmək istəyirik."

Cənab Brayzanın sözlərinə görə, onda belə bir hiss var ki, həm prezidentlər, həm xarici işlər nazirləri razılığın əldə olunmasını istəyir.

“Onlar bilir ki, razılığa gəlmək üçün onlar öz xalqlarını əmin etməlidirlər ki, bu, yaxşı bir razılaşmadır. Onlar son dərəcə ehtiyatlı olmalıdırlar, baza prinsiplərini yekunlaşdırıldığı bir mərhələdə razılığın əhalinin bir hissəsi tərəfindən qəbul edilmədiyinə yol verməmək üçün çox ehtiyatla davranmalıdırlar. Amma məndə olan hiss mənə deyir ki, onlar bunu etmək istəyirlər və onların görüşdükləri zaman bir-birilə davranması onu göstərir ki, onlar fərqləri aradan qaldırmaq yolları üzərində düşünürlər. Buna son misal kimi prezident Əliyevin baza prinsipləri haqda bu yaxınlarda danışmasını göstərmək olar. İyul ayının əvvəlində Rusiya televiziyasına müsahibəsi zamanı o, mühüm bir bəyanatla çıxış etdi. Mənə deyərdim ki, o, Azərbaycan xalqına razılığın hansı formada ola biləcəyini izah etməyə başladı. Mən bilirəm ki, bundan bir neçə ay əvvəl prezident Sarkisyan da Ermənistanda daha özəl bir şəkildə müxtəlif siyasətçilərlə ilə müzakirə edib. Onlar arasında müzakirələrin atmosferi, onların müzakirə etdiyi məsələlər və öz xalqları ilə və cəmiyyətdə baza prinsipləri haqqında danışmağa başladıqlarına əsasən əminliklə deyə bilərəm ki, onlar razılığın əldə olunmasına yaxınlaşmaq istəyirlər. “

Metyu Brayza mərhələli həllin necə olacağı ilə bağlı fikirlərini bölüşdü.

“Mən və digər həmsədlər bir neçə mərhələdə həyata keçiriləcək əhatəli bir həll görürük. Prezident Əliyevin Rusiya televiziyasına müsahibəsi zamanı dediyi kimi, ilk növbədə, bir neçə, 5, ya da 6 rayonun, bundan sonra isə təhlükəsizlik və siyasi vəziyyət sabitləşəndə daha bir, ya iki rayonun qaytarılması nəzərdə tutulur. Eyni zamanda, onun qeyd etdiyi kimi, Dağlıq Qarabağ keçid dövrü statusu, ya da bir statusa malik olacaq. Müəyyən bir vaxt, ola bilsin elə lap əvvəldə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz açılacaq. Bütün bunlar demək olar ki, eyni zamanda baş verməlidir. Təbii ki, sülhümühafizə qüvvələri də tez zamanda yerləşdirilməlidir. Mən demək istəmirəm ki, hər şey tamamilə eyni vaxt baş verəcək. Lakin bu proseslər bir-birinə yaxın vaxtlarda baş verməlidir, çünki paket həlldir. Hələlik aydınlaşdırılmağa ehtiyacı olan bir məsələ Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirmək üçün orada səsvermənin nə zaman keçirilməsidir. Bu, sonradan baş verəcək elementdir. Bundan əvvəl dediyim kimi, sonradan baş verəcək daha bir element dərhal bir neçə rayon qaytarıldıqdan sonra daha bir-iki rayonun Azərbaycanın idarəçiliyinə, onun nəzarətinə qaytarılmasıdır. Beləliklə də mərhələ-mərhələ həyata keçiriləcək, lakin əhatəli bir həll olacaq.”


XS
SM
MD
LG