Accessibility links

ABŞ Senatında Gürcüstan barədə dinləmə keçirilib


Çərşənbə axşamı ABŞ Senatının xarici əlaqələr komitəsində Rusiya-Gürcüstan müharibəsinin ildönümünə həsr olunmuş dinləmə keçirilib. Dinləmədə administrasiyanı Avropa və Asiya Məsələləri üzrə Dövlət Katibinin yardımçısı Filipp Qordon, Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə müdafiə nazirinin yardımçısı səfir Aleksandr Verşbou və Beynəlxalq İnikişafa Yardım Agentliyindən Ken Yamaşita təmsil ediblər.

Konqresin Gürcüstana ötən il ərzində 1 milyard dollar ayırdığını söyləyən Filip Qordon bildirib ki, həmin yardım sayəsində Gürcüstan müharibədən sonrakı və qlobal iqtisadi böhranın doğurduğu çətinliklərin öhdəsindən gələ bilib.

Bəziləri bizim Rusiya ilə münasibətləri yaxşılaşdırmağımızın Gürcüstanla bağlı siyasətimizə mənfi təsir göstərəcəyini sual ediblər. “Və vitse prezident Co Baydenin bu məsələdə cavabı aydın idi. O, Birləşmiş Ştatların təhlükəsiz, azad, demokratik və vahidliyə doğru irəliləyən Gürcüstanla çiyin çiyinə dayandığını bəyan edib.” Eyni zamanda cənab Qordon aydın edib ki, Gürcüstan öz demokratik təssisatlarının gücləndirməlidir. Onun sözlərinə görə Abxaziya və Cənubi Ossetiyanın Gürcüstana reinteqrasiyası üçün hərbi seçim yoxdur. Bu səbəbdən də Gürcüstan öz diplomatik səylərini genişləndirməlidir.

Filipp Qordon bildirib ki, Rusiyanın Gürcüstana müdaxiləsinən sonrakı bir il ərzində Moskva Cənubi Osetiya və Abxaziya üzərindəki nəzarətini gücləndirməkdə davam edib. Hər iki regionda minlərlə rus qüvvəsi qalır, və separatçı regionların Rusiyadan asılılığı getdikcə artır. O, ABŞ və müttəfiq dövlətlərin ərazidəki rus ordusunu qanunua aliliyinə və insan hüquqlarına hörmət etməyə çağırdıqlarını söyləyib. Cənab Qordon ABŞ-ın bundan sonra da Gücüstanın regionda demokratiya və firavanlıq modelinə çevrilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Müdafiə nazirinin yardımçısı Aleksandr Verşbou Gürcüstanda təhlükəsizlik durumunun zərif olduğunu önə çəkib və müttəfiq dövlətin gücləndirməsi yönümündə rəsmi Vaşinqtonun atdığı addımlardan bəhs edib. Onun sözlərinə görə Rusiyanın Gürcüstanın separatçı regionlarında ATƏT və BMT müşahidəçi missiyalarına son qoyması təəssüfləndirici haldır: “Cənab Qordonun söylədiyi kimi biz tam aydın etmişik Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımyacağıq. Biz Rusiyanı Sarkozı-Medvedev atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə çağırmaqda davam edəcəyik.”

Verşbou separatçı regionlarda beynəlxalq mövcudiyyətin olmasını təhlükəsizliyin təminatı üçün mühüm adlandırıb. ABŞ hökumətinin Gürcüstanın ərazi bütövlyünü qətiyyətlə dəstəklədiyini bildirən Verşbou ABŞ-ın Avropa Komandanlığının Gürcüstan hərbi qüvvələrinin hazırlığını nəzərdən keçirdiyni bildirib. Komandanlığın tövsiyəsi əsasında Gürcüstan hərbi qüvvələrində bir sıra islahatlar aparıldığını deyən ABŞ nümayəndəsi dayanıqlı müdafiə təssisatlarının və hərbi maarifləndirmə infrastrukturunun yenidən qurulmasına ciddi ehtiyac olduğunu söyləyib.

Dinləmə zamanı Senator Ciin Şahin regionda enerji təchizatının təhlükəsizliyi barədə sual ünvanlayıb. Sualı cavablandıran Filipp Qordon Gürcüstanın Xəzər dənizindən qaynaqlanan enerji layihələrində Gürcüstanın mühüm rol oynadığını önə çəkib. O, buna misal olaraq Bakı-Tbilisi-Ceyhan xəttinin çəkilişi və eləcə də NABUKKO qaz boru kəməri layihəsinin perspektivlərindən söz açıb. Cənab Qordon NABUKKO-nun Avropanın enerji maraqlarına xidmət etdiyini söyləyərək Vaşinqtonun bu layihəni tam dəstəklədiyini və bu enerji koridorunun davamlılığını təmin etmək üçün Azərbaycan, Türkmənistan və İraqla təmaslar qurduğunu söyləyib.

XS
SM
MD
LG