Accessibility links

Vladimir Putinin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərə necə təsir göstərir


Keçən həftə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin yeni səviyyəsindən xəbər verir. Bu fikri Vaşinqtondakı Corc Taun universitetinin Türk Araşdırmaları institutunun müdiri professor Deyvid Kuthel söyləyir. Devil Kuthel Amerikanın səsinin türk xidmətinə müsahibə verib.

Professor Kuthel səfərin hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək deyir ki, Putin Rusiyada olduqca nüfuzlu siyasi fiqurdur. “Əslinə qaldıqda, Rusiyada böyük siyasətin arxasında Putinin durduğu və bütün siyasi proseslərə onun nəzarət etdiyi deyilir və buna görə də, bu, səfər olduqca önəmlidir. Digər tərədən, Türkiyə və Rusiya arasında tarixi əlaqələrə gəldikdə, bunlar Osmanlı imperatorluğundan öncəki bir dövrə gedib çıxır. Tarixə nəzər saldıqda görürük ki, Osmanlı imperatorluğuna əsas hədəni də qərblilər deyil, məhz ruslar təşkil edirdi. Rusiya Osmanlı imperatorluğunun süqutunda böyük rol oynadı. Türkiyənin həqiqətən də qonşusu ilə çox mühüm əlaqələri var. Valdimir Putin tam demokratik bir siyasi xadim hesab edilə bilməz, buna görə də Türkiyə ehtiyatlı olmalıdır. Bu səfər Türkiyə üçün mühümdür, çünki ticarət sahəsində, siyasi baxımdan mühüm addımlar atıla bilər.”

Rusiya Türkiyənin ən mühüm ticarət partnyorlarından biridir. Digər tərəfdən Rusiyanın regionda nüfuzu güclüdür. Rusiya keçmiş sovet ittifaqının respublikaları olan müstəqil dövlətlərə nəzarət etmək istəyir. Rusiyanın regionda belə siyasət yürütməsi Türkiyə ilə münasibətləri hansı şəkildə təsir göstərəcəyi sualını cavablandıran professor Kuthel deyir ki, bir məsələ tamamilə aydındır ki, Rusiya bölgədə nəzarətini saxlamağa çalışacaq.

“Xüsusilə də Gürcüstanla münasibətlərə nəzər saldıqdan görürük ki, bu, siyasəti yeritməyə davam edəcək. Rusiya Gürcüstan müstəqil olduğunu elan edən regionları dəstəkləyir. Ermənistanla sıx əlaqələri var.”

Professor Kuthel deyir ki, Rusiya hər zaman Çeçenistan üzərində nüfuzunu artırmağa çalışır. Ümumilikdə, Rusiyanın regionda əvvəlki və indiki imici arasında fərq yoxdur. Müasir dövrdə fərqli bir cəhət professorun sözlərinə görə, Rusiyanın Türkiyə ilə münasibətlərində ticari əlaqələrin genişlənməsinə verilən böyük diqqətdir. O qeyd edir ki, Rusiya və Türkiyə arasında münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi çox mühümdür. Professor Kuthel onu da qeyd edir ki, Türkiyə Rusiyanın regionda illərlə yeritdiyi siyasət, nüfuzunu artırmağa çalışması, Gürcüstanla münasibətlərinin bugünkü durumu kimi məsələlərə xüsusi diqqət verməlidir.

Türkiyə və Rusiya arasında enerji sahəsində əməkdaşlıqdan danışan professor Kuthel Türkiyənin unikal tranzit imkanlarını qeyd edir və deyir ki, Türkiyə və Rusiya bir-birilə enerji telləri ilə bağlıdır. Lakin Türkiyənin enerji diplomatiyasına gəldikdə o qeyd edir ki, burada iki məsələyə xüsusi diqqət yetirmək lazımdır.

“Bir tərəfdən, Türkiyə Rusiyanı enerji siyasətinə daxil etməlidir, lakin eyni zamanda xaricdə digər mənbələrdən də yaxşı istifadə etməlidir.“

Professor Rusiya və Ukrayna arasında enerji mübahisəsinə toxunaraq deyir ki, bir enerji mənbəyindən asılı qalmaq gərginliklə nəticələnə bilər. Rusiyanın sərt davrana bilməsini hər zaman nəzərə almaq lazımdır deyən professor Kuthelin sözlərinə əsasən, buna görə regionda enerji mənbələrinin divertifikasiyası ən mühüm bir məsələ olaraq qalır. O deyir ki, Rusiyanın Mərkəzi Asiyada davranışı, onların sərt qaydalarla oynadığını göstərir.

“Onlar burada monopoliya yaratmaq istəyir. Buna görə də Türkiyə bu mənada, yəqin ki, Azərbaycanla birlikdə həyat əhəmiyyətli bir rola malik olacaq.”

Rusiya və Türkiyə üçün bu səfərin nəticələrindən danışan professor Kuthel deyir ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına nail ola bilər. Türkiyə ilə birlikdə Rusiya bu istiqamətdə addımlar ata bilər. Professor qeyd edir ki, Rusiya Türkiyənin Gürcüstan məsələsində, Qafqazlarda bir sıra problemlərin həllində iştirakını istəyə bilər. Professor hesab edir ki, Türkiyə və Rusiya arasında enerji və regional təhlükəsizliyə dair dialoq da gözlənilə bilər.

XS
SM
MD
LG