Accessibility links

Vahid Qarabağlı: 'Səid Mətinpurun vəziyyəti ağırdır'


İranda iyul ayında həbs edilərək 8 illik həbsə məhkum edilən azərbaycanlı insan haqları fəali Səid Mətinpurun səhhəti ağır vəziyyətdədir. İranda Azərbaycanlı Məhbusların Müdafiə Assosiasiyası ADAPP-ın sözçüsü Vahid Qarabağlının sözlərinə görə, onun tibbi müraciətlərinə baxılmır. Cənab Qarabağlı ilə müsahibəni təqdim edirik.

Sual:
Sizdə olan məlumatlara görə, Səid Mətinpurun səhhəti necədir? Ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olurmu?

Cavab: Cənab Mətinpurun səhhəti hal-hazırda ağırdır. Çünki, o keçmiş həbsi zamanı ağır işgəncələrə məruz qalıb. Deyilənlərə görə, hazırki durumda saxlandığı yer yaxşı deyil, 10 nəfərin qala biləcəyi yerdə 30 nəfər saxlanılır. Cənab Mətinpurun əvvəlcədən bəzi xəstəlikləri var idi. Ona tibbi yardım olunmur. Mətinpur ailəsi ilə danışanda bildirib ki, tibbi müraciətinə də baxmırlar. Buna görə də, onun baş və bel ağrısı, baş gicəllənmələri olur. Ailəsi ilə görüşməsi də çətindir, çünki ailəsi başqa şəhərdədir. Tehran getmək hər dəfə mümkün olmur. Onlar yalnız həftədə bir neçə dəfə telefon əlaqəsi qura bilirlər.

Sual: Səid Mətinpurun həbsinə səbəb nə idi?

Cavab:
Səid Mətinpur 2007-ci ilin may ayında həbs edilmişdi. Həbsdə qaldığı 9 ayın 7-ni təkadamlı kamerada keçirdiyi üçün cənab Mətinpur ailəsi ilə hər hansı bir telefon təması qura bilməmişdi.Hətta ailəsi onun harada olması və hansı ittihamlarla üzləşdiyini də bilmirdi.Hazırda onu iki ittihamla üzləşdirdilər: Milli Təhlükəsizliyi pozmaq və xarici dövlətlərlə əlaqə qurmaq. Ona 8 il həbs cəzası verdilər və dedilər ki, onlar İranda məxməri inqilab etməyə çalışıb. Ancaq onun fəaliyyəti heç vaxt siyasi olmayıb. O həmişə İranda azərbaycanlıların insan haqları, ana dilində təhsilin zəruriyyəti məsələsini qaldırardı. Bunlar isə rejimi qorxudurdu.

Sual: Məlumatlara görə, Səid Mətinpurun vəkilini də həbs ediblər. Hazırda onun hüquqlarını kim müdafiə edir?

Cavab:
Doğrudur, Səid bəy Mətinpur 8 illik həbs qərarına etiraz etmişdi. Onlar cavab gözlədiyi bir vaxt Məhəmmədəli Dahıdxaxı da İranda seçkilərdən sonra yaranan olaylarla bağlı həbs etdilər. Nəticədə Mətinpur vəkilsiz qaldı, məhkəməyə çağırıldı və həbs edildi. Hazırda onun ailəsi başqa bir vəkillə danışıb. Vəkil əsasən Səid bəyin səhhətinin ağır olması və tibbi yardım alması ilə bağlı müraciətlər ilə məşğuldur.
XS
SM
MD
LG