Accessibility links

Molotov- Ribbentrop sazişinin əldə edilməsindən 70 il keçir


Bu gün avqust ayının 23-ü Molotov- Ribbentrop sazişinin əldə edilməsindən 70 il keçir. 1939-cu ildə Sovet Ittifaqının xarici işlər naziri Vyaçeslav Molotov və Almaniyanın xarici işlər naziri Joaçim Von Ribbentrop tərəfindən imzalanan saziş ölkələrin biri-birinə hücum etməməsini nəzərdə tuturdu. Sənəddə Şərqi və Mərkəzi Avropanın bölünməsinə dair məxfi protokol da yer alırdı. Sazişin imzalanmasından bir neçə gün sonra Almaniya, daha sonra isə Sovet İttifaqı Polşaya qarşı hücuma keçir.

Sazişin ildönümü avropalıların debatları ilə müşayiət edilir. Qərb hökumətləriAdolf Hitler və İosif Stalini totalitar lider kimi yanaşı qoyur. Rusiya hökuməti isə bu oxşarlığı tarixin təhrif edilməsi kimi qiymətləndirir. Avqust ayının 17-də Rusiyanın Kəşfiyyat Xidməti açıqladığı bəyanatda 1939-cu il sazişinin yalnız özünümüdafiə mahiyyəti daşıdını bildirmişdi. Bu addım Rusiya hökumətinin Sovet diktatoru Stalinə bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.

May ayında Rusiyanın Fövqəladə Hallar naziri Sergey Şoyqu parlamentə İkinci Dünya Müraribəsi zamanı sovetlərin qələbəsinin inkar edilməsinin cinayətkarlıq kimi qəbul edilməsinə dair qanun layihəsi təqdim etmişdi. May ayının sonlarına doğru isə prezident Medvedyev tarixin saxtalaşdırılması ilə mübarizə məqsədi ilə xüsusi komissiyanın təşkilinə dair fərman imzaladı.

Iyul ayında ATƏT Molotov-Ribbentrop sazişinin imzalandığı günü stalinizm və nasizm qurbanlarının xatirəsi günü elan etdi. Buna etiraz edən Rusiyanın nümayəndə heyəti yığıncaq zalını tərk etdi. ATƏT-in bu qətnaməsi Rusiyanın Xarici İşlər Nazirliyinin kəskin tənqidi ilə qarşılandı. Rusiya parlamenti bu addımı həlak olan milyonlarla insanın xatirəsinə təhqir adlandırdı.

Ictimai rəy sorğularının nəticələri adi rus vətəndaşları arasında hökumətin mövqeyini bölüşənlərin olduğunu göstərib. Respondentlərin 53 faizi ATƏT-in qərarını pisləyib, 11 faiz buna dəstək verib, 21 faiz isə bitərəf qalıb.
XS
SM
MD
LG