Accessibility links

Əhməd Davutoğlu İran səfərini başa vurub


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İran səfərini başa vurub. İranlı həmkarı Mənuçehr Mottəkinin dəvəti ilə İran səfəri çərçivəsində nazir Milli Məclisin spikeri Əli Laricani və prezident Mahmud Əhmədinejadla görüşlər keçirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Tehran səfəri zamanı enerji sahəsində iş birliyi, terrorizmlə mübarizə və İranın Qərblə uzlaşması üçün Türkiyənin vasitəçi rolu kimi məsələləri müzakirə edib. Əhməd Davutoğlu qlobal iqtisadi tənəzzül dövründə Türkiyə-İran ticari münasibətlərinin genişləndiyini və ölkələr arasında ticarət dövriyyəsinin 11 milyard dollardan 20 milyar dollara qədər artdığını xüsusi vurğulayıb.

İran səfərindən sonra açıqlama verən nazir İranın təbii qazının Avropaya nəqli məsələsinin də müzakirə edildiyini bildirib. Türkiyənin xarici işlər naziri enerji təhlükəsizliyi və enerji daşınması sahəsində yer almasına İranın layiq olduğunu deyib. İrana qarşı yeni sanksiyaların tətbiqinə gəldikdə isə Əhməd Davutoğlu Türkiyənin bu durumda necə hərəkət edəcəyindən bəhs edib. O deyib ki, Türkiyə İrana qarşı yeni sanksiyaların tətbiqinə yol verilməməsi və əvvəlki sanksiyaların ortadan qaldırılması üçün üzərinə düşən hər işi görməyə hazırdır. Türkiyənin vasitəçi rolu Davitoğlunun İranla bağlı gündəliyində yer alan əsas məsələ idi. Sentyabr ayının sonunda BMT-nin Baş Assambleyasının yığıncağı zamanı İranın nüvə proqramanına dair müzakirələrə də yer veriləcək.

Davutoğlu İran səfəri çərçivəsində İranın Milli Təhlükəsizlik Şurasının baş katibi və baş nüvə müzakirəçisi Səid Cəlili ilə də bir araya gəlib. Nazir bu məsələdə Türkiyənin İranla qərb arasındakı müzakirələrə ev sahibliyi etmək istədiyini bildirib.

İran və Türkiyənin xarici işlər nazirlərinin müzakirə etdikləri məsələlərə PKK və PJAK-la mübarizədə əməkdaşlıq da daxil idi.

XS
SM
MD
LG