Accessibility links

Vaşinqtonda demokratiya mövzusunda mühafizəkar qurumun sponsorluğu ilə konfrans keçirilib


Vaşinqtonda Xarici Siyasət Təşəbbüsü İnstitutunun sponsorluğu ilə “Demokratiyanın İnkişafı və Müdafiəsi” başlığı altında konfrans keçirilib. Konfransda Rusiyada demokratiyanın durumu və ABŞ-Rusiya münasibətlərinə xüsusi önəm verilib.

Arizonalı senator Con Kayl analist Robert Kaqanla söhbətində ABŞ-Rusiya münasibətlərinə müşahidə edilən bir neçə cərəyana diqqət çəkdi. Senator Kayl ötən ilin Avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsini xatırlatdı. O, bildirdi ki, Rusiyanın "yaxın xaric" adlandırdığı bölgədə qonşuları ilə sərt münasibəti regionda sülh və demokratiyanı təşviq etməyə çalışan Qərbi narahat edir. Rəsmi Moskvanın Ukraynanın daxili işlərinə qarışmasını da Arizonalı senator tənqid edərək bildirdi ki, Rusiya son zamanlar neo-imperialist ambisiyalarını açıq şəkildə büruzə verməkdədir. Bunun ardınca o, Vaşinqtonu Rusiya ilə münasibətlərdə reallıq hissi nümayiş etdirməyə və öz müttəfiqlərinin maraqlarını qorumağa çağırdı.

Konfransın başlıca natiqlərindən biri sabiq Massaçusets qubernatoru və 2012-ci il prezident seçkilərində Respublikaçılar partiyasından prezidentliyə potensial namizəd Mitt Romni dünyada demokratiyanın durumundan bəhs edərkən Rusiyaya xüsusi yer ayırdı. Cənab Romni söylədi ki, istər Amerika daxilində istərsə də xaricdə bəzi adamlarda belə bir təsəvvür yaranıb ki, Amerika özünün tənəzzül dövrünü yaşayır. Bu növ fikirləri rədd edən Romni Amerikanın nəhəng imkanlarından və dünyada dominant rol oynamaq üçün malik olduğu resurslardan söz açdı. Sabiq Massaçusets qubernatorunun sözlərinə görə Obama administrasiyasının anti-raket sistemlərini Şərqi Avropa ölkələrində yerləşdirmək planlarından vaz keçməsi Moskvaya və və Amerikanın regiondakə müttəfiqlərinə yanlış mesaj göndərir: “İstər Avropa, olsun, istərsə də Rusiya, Çex Respublikası, Polşa, Yaxın Şərqə, İran və ya Asiya, biz onu müşahidə edirik ki, prezident dostlardan kənar durur, düşmənlərə tərəf yaxınlaşır. Sonda bu, nəzərdən qaçmayacaq.” Cənab Romni aydın etdi ki, dünyanın hər bir guşəsində Amerika həmişə azadlıq və demokratiya ideallarını müdafiə etməlidir.

Konfransın günorta sessiyasında Karnegi Moskva Mərkəzinin aparıcı mütəxəssisi Liliya Şevtsova Rusiyada liberalizm cərəyanının tərəqqisindən söz açdı. Onun sözlərinə görə rus cəmiyyətində demokratik idealların kök salmasına dair ilkin göstəricilər mövcuddur. Lakin təəssüf ki, Rusiyanın siyasi elitası müntəzəm olaraq Qərblə ixtilaf motivini təbliğ edir və cəmiyyəti inandırmağa çalışır ki, başlıca təhlükə hələ də Qərbdən qaynaqlanır. Lakin burada bir ziddiyət də müşahidə olunur. “Rusiyanın siyasi elitası Qərb cəmiyyətinə inteqrasiyaya can atır və dərk edir ki, Qərbin maliyyə, bank və iqtisadi infrastrukturunun tərkib hissəsi olmadan Rusiyanın inkişafı qeyri mümkündür. Rusiyanın indiki mövcudiyyəti ona əsaslanır ki, Rusiya həm Qərbpərəstdir, həm də ona qarşı çıxır.” Liberal Strategyalar Mərkəzinin sədri İvan Krastev diqqəti Rusiya ilə Şərqi Avropa dövlətləri arasındakı münasibətlərin tarixi köklərinə yönəltdi. Onun fikrincə ABŞ-ın Polşa və Çex Respublikasından anti-raket sistemini yerləşdirməməsi haqda qərarı, bu ölkələrdə öz xarici siyasət prioritetlərini yenidən nəzrədn keçirməyə ehtiyac yaradıb. “Polşa xarici işlər naziri Radoslav Sıkorski dünən müsahibəsində dedi ki, biz indən belə diqqəti Avropa Birliyinə yönəltməliyik. Ona görə yox ki, Avropa Bilriyi ABŞ-dan daha səmərəlidir. Ona görə ki, Avropa Birliyi Avropada yerləşir”. Krastevin sözlərinə görə Rusiya rəhbərliyi beynəlxalq münasibətlərə özünə məxsus prizmadan baxır. Bir çox ruslar Barak Obamanı Sovet İttifaqının dağılmasına yol açan Mixail Qorbaçovla müqayisə edir. Bu baxımdan Vaşinqtonun Rusiyaya rəğmən jestləri zəiflik kimi interpretasiya edilir.

Müzakrənin gedişatı əsnasında söz alan Obama administraisyasının Rusiya siyasəti üzrə mütəxəssisi Mayk Makfol Vaşinqtonun Polşa və Çex Respublikasında yerləşdirilməsi nəzrədə tutluan anti-raket sistemini ləğv etməsini şərh etdi. Cənab Makfol bildirdi ki. hazırkı ABŞ administrasiyası Rusiya dövlət rəsmiləri ilə yanaşı rus cəmiyyəti ilə birbaşa təmaslar qurmağa can atır. O, prezident Obamanın Rusiyaya səfəri zamanı sivil cəmiyyət və müxalifət nümayəndələri ilə görüşünü xüsusi qeyd etdi. Anti-raket sisteminin ləqvinə gəldikdə isə, o bu sistemin bütün hallarda effektiv olmadığını və onun qısa və orta mənzilli raket təhlükəsinin qarşsında aciz olduğunu dilə gətirdi. Makfol bəyan etdi ki, Obama administrasiyasının atdığı addımlar ilk öncə Amerikanın milli maraqları ilə uzlaşdırılır. Və əgər bu, Rusiya liderlərini razı salırsa, təbii ki, müsbət haldır, amma bütün hallarda əsas məqsəd rəsmi Moskvanın arzularını yerin yetirmək deyil.

Amerika xarici siyasətinin ümumi konturlarını şərh edən sabiq Konqres spikeri Nyut Ginqriç son vaxtlarda Amerikanın bir çox məsələlərdə öz düşmənlərinə loyal, müttəfiqlərinə isə soyuq münasibət bəslədiytini bildirdi. Buna misal olaraq o, anti-raket sisteminin ləğvi ilə bağlı aparılan hesablamaları nümunə gətirdi: “Ruslar bizə İran məsələsində kömək etmirlər, və biz dərhal qərara gəlirik ki, ruslara istədiklərini verək. Və biz bunu elə səriştsiz və yarıtmaz qaydada edirik ki, ruslar bunun üçün bizə əvəzində nəsə verməkdən imtina edirlər.” Ginqriç bildirdi ki, ABŞ-a qeyri-dost gözü ilə baxan Rusiya, Venesuela və İran kimi dövlətlərlə təmaslarında Obama administrasiyası son dərəcə ehtiyatlı olmalı və növbəti təxribatlara əsas verəcək güzəştlərdən yayınmalıdır. Bunun üçünsə isə Amerika ilk növbədə öz qlobal siyasətində demokratiya, azadlıq və insan hüquqlarının vacibliyini tərənnüm etməlidir.

XS
SM
MD
LG