Accessibility links

Təhlil: Türkiyə-Ermənistan yaxınlaşması


Türkiyənin baş naziri deyir ki, Ermənistanla diplomatik münasibətlərin bərpa edilməsi barədə razılıq oktyabrın 10-da imzalanacaq. Türkiyə 1993-cü ildə Ermənistan Azərbaycanla Dağlıq Qarabağ üzərində müharibə apardıqdan sonra rəsmi Yerevenla əlaqələri kəsmiş və sərhədləri bağlamışdı. Son açıqlama iki ölkə arasında münasibətlərin istiləşməsindən xəbər verir.

Ötən il Türkiyə ilə Ermənistan milli komandalarının Yerevan stadionundakı futbol matçı iki ölkə arasında yaxınlaşmaya katalist oldu. İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan diplomatik münasibətlərin bərpası üzrə danışıqlar aparmış və bu yönümdə protokol imzalamağa razı olmuşlar.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan indi deyir ki, belə bir protokol oktyabrın 10-da imzalanacaq. İstanbulun Bilgi Universitetindən beynəlxalq münasibətlər üzrə ekspert Soli Özel deyir ki, bu, münasibətlərin yenidən qurulması üçün mühüm lakin ilk addımdır: “Zənnimcə protokolların ratifikasiya üçün iki ölkənin parlamentlərinə göndərilməsi diqqəti çəkən haldır. Nəzərə almaq lazımdır ki, həm Türkiyə, həm də Ermənistan daxilində bu anlaşmaya güclü müxalifət mövcuddur.”

Artıq Türkiyənin aparıcı müxalifət partiyaları hökuməti Türkiyənin yaxın müttəfiqi Azərbaycana xəyanət etməkdə günahlandırıblar. Ankara Yerevanla münasibətlərini Ermənistan-Azərbaycan müharibəsi dönəmində kəsmişdi. İndiyədək də erməni silahlı qüvvələri iri Azərbaycan ərazilərini işğal altında saxlayır. Hökumət isə Azərbaycana sədaqətli olduğunu deyərək xəyanət ittihamlarını rədd edib.

Bu ayın əvvəlində Türkiyə parlamentinin xarici əlaqələr komitəsinin sözçüsü Suat Kınıklıoğlu israr edib ki, Azərilərin tələblərini nəzərə almaq Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün mühümdür. Ekspert Soli Özelin fikrincəilk dəfə olaraq regionun aparıcı dövlətləri regiona sabitlik gəlməsində maraqlıdırlar: “Mən belə anlayıram ki, Azərbaycanla Ermənistan çərçivə razılaşmasına yaxındılrar. Bu proseslərin arxasında əlbəttə ki, amerikalılar durur. Lakin Rusiya burada xüsusi əhəmiyyət kəsb edir , belə ki, ruslar istədikləri anda razılığı əngəlləyə bilərlər. lakin zənnimcə bu onların da maraqlarına xidmət edir çünki Amerika ilə Rusiya arasındakı münasibətlər əvvəllə müqayisədə daha yaxşıdır.”

Vaşinqton da Ankara ilə Yerevanın münasibətləri normallaşdırması üçün öz imkanlarından istifadə edib. Bununla belə Türkiyə ilə Ermənistan arasında tarixi mübahisə mövcuddur ki, bu həmin cəhdləri heçə endirə bilər.

Bəzi başqa ölkələr kimi Ermənistan da Osmanlı İmperiyasını erməni azlığa qarşı soyqırım törətməkdə günahlandırır. Ankara isə bu ittihamları qətiyyətlə rədd edir. Bu mübahisə münasibətlərə təsir göstərərək iki cəmiyyət daxilində bir-birinə qarşı şübhə toxumları səpilməsinə yol açır.

Təhlilçilərin bir çoxu məhz bu üzdən qarşıdan gələn həftələri dünyanın ən qeyri stabil regionlarından birinə sabitlik gətirilməsi üçün mühüm hesab edir.

XS
SM
MD
LG