Accessibility links

Los Anjelesın erməni icması  Türkiyə ilə yaxınlaşma siyasətinə etiraz edib


Los Anjelesin "Beverli Hotel" mehmanxanasının qarşısında etiraz nümayişi keçirən erməni diasporasının nümayəndələri üzərində 24 aprel 1915-ci il yazılmış köynəklər geymiş, əllərində üzərində “Erməni tarixi satış üçün deyil” yazılmış plakatlar tutmuşlar.

Etiraz nümayişinin iştirakçıları Türkiyə -Ermənistan yaxınlaşmasının dünyada yaşayan ermənilərin milli maraqları ilə bir araya sığmadığını deyərək, bunu ədalətsiz razılıq adlandırıblar.

Ermənilərin iddia etdiyi 1915-ci ildə 1.5 milyona yaxın erməninin qətlə yetirildiyi deyilən soyqırım Türkiyə ilə yaxınlaşmanın qarşısında duran əsas maneədir. Türkiyə soyqırım iddilarını rədd edir və ölənlərin sayının şişirdildiyini bildirir.

Keçən ay Türkyə və Ermənistan düşmənçiliyi bir kənara qoyub, praktiki maraqları nəzərə alaraq iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılmasını istədiklərini bəyan etmişdi. Bu praktiki yanaşma tərzi neft maraqları, Türkiyənin Avropa Birlyinə üzvlüyü, ABŞ və Rusiya ilə münasibətləri əhatə edir.

Yoxsulluq səviyyəsinin yüksək olduğu və təcrid olunmuş vətənlərində yaşayan ermənilər Türkiyə ilə ticari və digər əlaqələr qurmağa xarici ölkələrdə yaşayan erməni diasporasının nümayəndələrindən daha çox can atır.

Türkiyə və Ermənistan prezidentlərinin oktyabrın 10-da münasibətlərin yaxşılaşdırılmasına dair razılığı imzalayacaqları gözlənilir.

Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfəri zamanı zorakı etirazlarla qarşılaşmışdı. Onun həmçinin Beyrut, Livan bə Rusiyada Rostov şəhərinə səfər edəcəyi gözlənilir.

Xaricdə yaşayan təxminən 5,7 milyon erməninin sayı əhalisi 3,2 milyon olan Ermənistan Respublikasındakı ermənilərin sayından çoxdur.

Hökumətin verdiyi məlumata görə ən böyük erməni icması Rusiyada (2 milyon) və Birləşmiş Ştatlardadır (1,4). Gürcüstanda 460 min, Fransada isə 450 min erməninin yaşadığı bildirilir.

XS
SM
MD
LG