Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Kişinyovda görüşəcək


Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişinyovda keçiriləcək MDB dövlət başçılarının sammiti çərçivəsində görüşəcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bu gün Bakıda keçirdiyi brifinqdə bildirib ki, görüş və danışıqların davam etdirilməsi üçün hər iki prezidentin razılığı var.
Rusiyalı həmsədr Yuri Merzlyakov deyib ki, həmsədrlər danışıqların tendensiya və dinamikasından, habelə Azərbaycan prezidentinin prosesə verdiyi qiymətdən məmnundur. “Biz prezidentlərə təklif etmişik ki, Moskva görüşündə olan müzakirələr davam etdirilsin. Moskva görüşü prezidentlər tərəfindən pozitiv qiymətləndirilib və Azərbaycan prezidenti bildirib ki, Kişinyovda Moskvadakı pozitiv dinamika inkişaf etdiriləcək”.
Fransalı həmsədr Bernar Fasye həmsədrlərin Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşü haqqında məlumat verib. “Sevindirici xəbər ondan ibarətdir ki, Dağlıq Qarabağ icmasının nümayəndələri ermənilərlə yaxşı qonşuluq şəraitində yaşamağa hazır olduqlarını bəyan etdilər”.
Amerikalı həmsədr Robert Bradtke Madrid prinsiplərinin müzakirəsində müəyyən irəliləyişlər olduğunu və tərəflərin danışıqları konstruktiv şəraitdə davam etdirməyə hazır olduğunu qeyd edib. “Madrid prinsiplərində müəyyən bir tərəqqi var. Ümid edirik ki, Kişinyov görüşündə daha mühüm tərəqqi əldə ediləcək”.
Bununla yanaşı, həmsədrlər Kişinyov görüşündə hər-hansı sənədin imzalanmayacağını deyib.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun fikrincə, tərəflərin mövqeyində fərqlər var. Belə ki, Azərbaycan mümkün kompromisləri edib və Ermənistan da mövqeyindən çəkilməlidir. “Münaqişənin birtərəfli həlli yoxdur və nizamlanma kompromislər əsasında mümkündür. Azərbaycanın prinsipial mövqeyi Dağlıq Qarabağın hər iki icmasına yüksək özünüidarə statusu verilməsi ilə Dağlıq Qarabağın Bakıya şaquli tabeliyindən ibarətdir. İndi Ermənistan öz mövqeyindən çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlanma elə bir ümumi məxrəcdir ki, onun əsasında münaqişə həll edilə bilər”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında rayonların azad edilməsi problemin həlli deyil, münaqişənin nizamlanmasına doğru yoldur. “Azərbaycan Dağlıq Qarabağ ətrafında 7 rayonun azad edilməli və azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır. İki icma arasında normal dinc həyat və əməkdaşlıq qurulduqdan sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi mümkündür.
Laçın yolu məsələsinə toxunan cənab Əzimov bildirib ki, Bakının Laçına yanaşması digər işğal edilmiş rayonlarla eynidir. “Laçın rayonu yol ilə birlikdə Azərbaycanın tam nəzarətinə keçməlidir. Lakin Laçın yolundan Ermənistan da istifadə edə bilər. Bu zaman analoji rejim Laçından Naxçıvana Ermənistandan (Qorri rayonu) keçən yol ilə bağlı da tətbiq edilməlidir. Bu, yolu regional əhəmiyyətli edəcək və Türkiyə, Azərbaycan və Ermənistanın regional iqtisadi əməkdaşlığını təmin etməyə imkan verəcək”.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunan nazir müavini onun Qarabağ nizamlanması ilə paralel aparılması vacibliyini qeyd edib. Türkiyə tərəfin protokolları imzalamasından sonra onların təsdiqlənməsinin təxirə salınacağı ilə bağlı təminatlarını şərh edən cənab Əzimov bildirib ki, sənədlərin təsdiqlənməsinin tezləşdirilməsi məqsədilə Türkiyəyə bundan sonra da təzyiq göstərilməyəcəyinə zəmanət yoxdur.
Dağlıq Qarabağın azərbaycanlı icması isə bu gün Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra erməni icması ilə istənilən vaxt görüşə hazır olduğunu bəyan edib. “Biz Azərbaycan vətəndaşlığı daşıyan hər bir erməni ilə dinc yanaşı yaşamağa hazırıq. Azərbaycanlılar və ermənilər münaqişəyə qədər də bir yaşayıb. İstəkdən asılı olmayaraq, biz qonşuyuq”, - deyə Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Fərhad Bədəlbəyli bildirib.
Onun sözlərinə görə, azərbaycanlı icma erməni icması ilə danışıqların Dağlıq Qarabağda deyil, neytral bir ölkədə təşkil edilməsini istəyir. “Görüşlər ilkin anlarda Gürcüstanda təşkil edilsəydi, daha yaxşı olardı”.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov isə azərbaycanlı icmasının həmsədrlərə əsas sualının qayıdışın nə vaxt baş verəcəyi ilə bağlı olduğunu deyib. “Hazırda konkret heç nə yoxdur. Torpaq bizim, vətən bizim, biz də torpağımıza qayıtmalıyıq. Həmsədrlər erməni icmasının hər-hansı ismarıcını bizə çatdırmadı”.
Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Fərhad Bədəlbəyli eyni zamanda həmsədrlərə Qarabağa qayıdacaq azərbaycanlıların təhlükəsizlik məsələləri ilə bağlı suallar verildiyini deyib. “Azərbaycanlı icması Qarabağa qayıdacaq və onların hər-hansı silahı yoxdur. Ermənilərin isə Dağlıq Qarabağda polisi var, Ermənistan Silahlı Qüvvələri oradadır və əhalidə çoxsaylı qanunsuz silahlar var. Təhlükəsizlik necə təşkil ediləcək? Həmsədrlər bu suala cavab verə bilmədilər, cavab verməyə hazır olmadıqlarını dedilər”.
Cənab Bədəlbəyli azərbaycanlıların qayıdışı zamanı çoxsaylı problemlərin ortaya çıxacağını da bildirib. “Amma orada xoşagəlməz proseslər gedir. Ermənilər azərbaycanlılara məxsus evləri, torpaqları kimlərəsə satır. Azərbaycan icması qayıtdıqdan sonra bu problem həllini necə tapacaq? Bu proses çox çətin prosesdir”.
Onun dediyinə görə, həmsədrlər yalnız Dağlıq Qarabağ ətrafındakı minaların təmizlənməsi prosesi başa çatdıqdan sonra qaçqınların qayıdacağını deyib.
Cənab Bədəlbəyli danışıqlarda irəliləyiş baş verdiyini də düşünür. “Danışıqlarda irəliləyiş var. İndiyədək həmsədrlər torpaqların qaytarılacağını demirdi. Ancaq indi torpaqların qaytarılacağını, azərbaycanlı icmanın qayıdacağını bildirir. Deyirlər azərbaycanlılar qayıtmalı və orada yaşamalıdır”.

XS
SM
MD
LG