Accessibility links

Nuşirəvan Məhərrəmli: Xarici radiolar kabel şəbəkəsində yayımlana bilər


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda 8 yerli televiziyanın ölkə ərazində yayıldığını bildirib. “Bundan başqa 14 regional televiziya kanalı və 12 radio fəaliyyətdədir”.
Onun sözlərinə görə, Azərbaycanın reklam bazarı və kadr potensialı baxımından bu qədər televiziyanın olması normal haldır.
Teleradio Şurasının sədri ölkədə 13 kabel şəbəkəsinə lisenziya verildiyini deyib. “Ancaq faktiki onların 5-i fəaliyyət göstərir. Artıq Bakı şəhərini kabel televiziya şəbəkəsi bütövlükdə əhatə edir, Gəncə və Mingəçevir şəhərlərində isə şəbəkələşmə davam edir. Ancaq regionlarda kabel şəbəkəsi yaratmaq hələ çətindir”.
Cənab Məhərrəmli ölkədən xarici televiziyaların canlı yayım həyata keçirməsi ilə bağlı problemlərin olduğunu bildirib. Onun fikrincə, bu sahəni nizamlayacaq “Peyk yayımı haqqında” qanun qəbul edilməlidir. Bununla yanaşı, mühüm ictimai-siyasi və beynəlxalq tədbirlərin canlı yayımına icazə verilir.
O boş teleradio tezliklərinin olduğunu da deyib. Ancaq hələ həmin tezlikləri müsabiqəyə çıxarmağa lüzum yoxdur. “Zərurət yarandıqda tezliklər müsabiqəyə çıxarılacaq”.
Cənab Məhərrəmlinin sözlərinə görə, xarici vətəndaşların Azərbaycanda teleradio biznesində iştirakı qanunda nəzərdə tutulmayıb. “Hesab edirəm ki, ideoloji sahələrdə dövlət nəzarəti güclü olmalıdır. Bu sahəyə yalnız biznes kimi baxmaq düzgün deyil. Burada nəzarət olmazsa, Azərbaycan kimi həssas ölkələrdə xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.
Teleradio Şurasının sədri xarici radioların yerli FM tezliyində yayımının bərpasını mümkün saymır. Ancaq o hesab edir ki, xarici teleradiolar kabel şəbəkəsi vasitəsi ilə yayımlana bilər. “Bunun üçün, yerli kabel şəbəkələri ilə sərbəst danışıqlar apara bilərlər. Milli Teleradio Şurası bunu müdafiə edir”.

XS
SM
MD
LG