Accessibility links

Azərbaycan XİN: 'Azərbaycan tərəfinin mövqeyi birmənalıdır'


Azərbaycanın Xarici İşlər Nazirliyi oktyabrın 10-da İsveçrədə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və münasibətlərin inkişaf etdirilməsi haqqında protokolların imzalanması ilə əlaqədar bəyanat açıqlayıb. Bəyanatda aşağıdakıları deyilir:
"Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistan ilə sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq bağlamışdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş və işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilmişdir. Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, ATƏT, AŞPA, İKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymamış və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyiş əldə olunmamışdır.
Azərbaycan tərəfi məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 2009-cu il mayın 14-də Azərbaycan parlamentində "Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlamışdır. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz", habelə 2009-cu il sentyabrın 17-də Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində "Azərbaycan-Ermənistan arasındakı sıxıntılar aşılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil" kimi səsləndirdiyi fikirlərə əsaslanır.
Dəfələrlə qeyd etdiyimiz kimi, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaqdır".
XS
SM
MD
LG