Accessibility links

Türkiyə-Ermənistan protokolları Azərbaycanda müsbət qarşılanmayıb



Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı oktyabrın 10-da İsveçrənin Sürix şəhərində imzalanan protokollar Azərbaycanda müsbət qarşılanmayıb. Həm iqtidar və müxalifət partiyaları, həm də müstəqil politoloqlar protokolların Azərbaycanın maraqları nəzərə alınmadan imzalandığını deyir.
Prezident İlham Əliyev protokolun imzalanmasından bir gün öncə Azərbaycan televiziyasına müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesləri paralel şəkildə getməlidir.
“Bəzən də belə fikirlər də səslənir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilər. Mən bu fikirləri bölüşmürəm. Hesab edirəm ki, əgər Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər”.
Müxalifətdə olan siyasi partiyalar da hesab edir ki, Türkiyə-Ermənistan protokollarının imzalanması Qarabağ danışıqlarına təsir edəcək. Çünki regionda yeni risklər yaranmaqdadır. “Müsavat” partiyasının başqanı İsa Qəmbərin fikrincə, protokolların imzalanması bölgədə uzunmüddətli proseslərin başlanğıcdır və proseslər yalnız bu sənədlərlə yekunlaşmayacaq.
Cənab Qəmbər hesab edir ki, Azərbaycan tərəfi məsələyə həddən artıq diqqətlə yanaşmalı və emosional addımlar atmamalıdır. “Azərbaycan Türkiyə rəhbərlərinin Ermənistanla sərhədlərin açılması barədə protokolların Qarabağ münaqişəsində ciddi irəliləyiş olmadan parlamentdə ratifikasiya olunmayacağı ilə bağlı bəyanatlarına inanaraq məsələyə həm də, prinsipial münasibət bildirməlidir”.
Müstəqil politoloqlar hesab edir ki, Türkiyə-Ermənistan protokolları bölgədə yeni siyasi prosesin yalnız başlanğıcıdır. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazov regionda artıq güclərin balansının dəyişməkdə olduğunu düşünür. “Regionda Rusiya-Gürcüstan müharibəsindən sonra yeni münasibətlər sistemi yaranıb və bunun qarşılığında Azərbaycanın xarici siyasət kursu çevik deyir”.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının İcra Katibinin müavini Mübariz Qurbanlı Türkiyə-Ermənistan protokolunun imzalanmasını xoşagələn hadisə hesab etmir. “Protokollar imzalanmamışdan öncə Türkiyə diplomatiyası sərhədlərin açılması ilə Dağlıq Qarabağ probleminin paralel həllinə nail olmalı idi”.
Cənab Qurbanlı beynəlxalq güclərin Dağlıq Qarabağ münaqişəsinə münasibətlərindən də narazıdır. “Bu güclərin münaqişənin həlli prosesinə beynəlxalq hüquq müstəvisindən yanaşmaması, sonda özləri üçün də problemə çevriləcək”.
“Müsavat” başqanı İsa Qəmbər isə imzalanmış protokolların Ermənistanın mövqeyində ciddi dəyişikliyə səbəb olacağına inanmır. “Azərbaycan prosesləri diqqətlə izləməli və özü lazımi addımlar atmalıdır”.

XS
SM
MD
LG