Accessibility links

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq  təşkil ediləcək


Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı işinə başlayıb. Konfransda 45-dən çox dövlətdən 200-dən çox iştirakçı olmaqla 25 mədəniyyət naziri, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. O cümlədən, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının təmsilçiləri, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, akademiya və universitetlərin rəhbərləri, səfirlər foruma qatılıb.
Azərbaycan prezidenti İlham Əliyevin konfransa təbrik məktubunu baş nazirin müavini Elçin Əfəndiyev oxuyub. Təbrikdə deyilir ki, İslam Konfransı Təşkilatı mədəni əlaqələrin inkişafına layiqli töhfələr verib. “Azərbaycanda hökm sürən tolerantlıq mühiti böyük tarixi nailiyyətimizdir. Bu ənənələri davam etdirərək, müxtəlif dinlər və mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetiririk. Əminəm ki, bu konfrans müxtəlif sivilizasiyaların ortaq mənəvi, mədəni dəyərlərə əsaslanan səmərəli əməkdaşlıq səylərinə kömək edir”.
Dövlət başçısı həmçinin, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal altında qalan ərazilərində mədəniyyət abidələrinin məhv edildiyini bildirib. “Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızdakı İslam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və abidələr dağıdılıb. Məruz qaldığımız təcavüzlə bağlı daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ölkəmizdə hər zaman təqdirlə qarşılanmışdır”.
İSESCO-nun baş direktoru Əbdüləziz İbn Əl-Tüveycri Bakını mədəniyyətlərarası dialoqun paytaxtı elan edib. “Bakı qərb və islam mədəniyyətlərinin “Dialoq Paytaxtı” elan olunur. Mədəniyyət nazirlərinin Bakı toplantısı yüksək təşkilatçılıq baxımından bütün ölkələr üçün nümunə ola bilər. Azərbaycan mədəniyyətlərarası dialoq səviyyəsində keçirilən bütün tədbirlərə yüksək səviyyəli ev sahibliyi edib”.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın İSESKO ölkələri arasında Avropa Şurasının üzvü olan yeganə dövlətlərdən biri olduğunu bildirib. “Azərbaycan həm Avropa Şurasına üzv ölkələr, həm də İKT ölkələri arasında mədəniyyətlərarası dialoq konfransları keçirib. Növbəti konfrans isə qərb və İslam ölkələri arasında olacaq. Onun dediyinə görə, prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Azərbaycanda “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil ediləcək.
Nazir İKT mədəniyyət nazirlərinin Bakı konfransında İKT ölkələri arasında mədəni turizmin inkişafı ilə bağlı vacib sənədlərin qəbul ediləcəyini deyib. Onun sözlərinə görə, iştirakçı dövlətlər üzv dövlətlərin , o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni və tarixi irsin məhv edilməsini qətiyyətlə pisləyib və işğal edilmiş torpaqların azad edilməsini tələb edib.
Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer isə Amerikanın səsi radiosuna bildirib ki, Avropa Şurası Azərbaycan və Ermənistan hökumətlərinin qərarından sonra Azərbaycanın işğal altında olan ərazilərindəki mədəniyyət abidələrinin monitorinqini keçirə bilər.
Onun sözlərinə görə, hazırda Avropa Şurası Azərbaycan və Ermənistanın qərarını gözləyir. Yalnız bundan sonra Avropa Şurasının missiyası texniki baxımdan regiona səfərini həyata keçirə bilər. “Bu səfərin gerçəkləşməsini çox istəyirik və fəaliyyət proqramımıza daxildir. Lakin yalnız tərəflərin müvafiq razılığından sonra səfərin dəqiq vaxtını müəyyənləşdirə bilərik”.
O AŞ-nın abidələrin və mədəni irsin dağıdılmasını qəti pislədiyini xatırladıb. “AŞ istənilən yerdə mədəniyyət abidələrinin dağıdılmasını pisləyir. Bölgəyə texniki səfərin təşkili ilə bağlı Azərbaycan və Ermənistan hökumətləri ilə dialoqu davam etdiririk. Dialoq xarici işlər nazirləri səviyyəsində aparılır. Ümid edirəm ki, Azərbaycan hökuməti bizimlə əməkdaşlığı davam etdirəcək və Ermənistan hökuməti də bu cür addımlar atacaq. Hesab edirəm ki, planlaşdırılan səfərimizi gələn il gerçəkləşdirmək mümkün olacaq”, - deyə cənab Palmer qeyd edib.


XS
SM
MD
LG