Accessibility links

Abşeronda on min hektar torpaq təmizlənəcək


Abşeron yarımadasında təxminən 10 min hektar torpaq neftlə çirklənib. 2008-ci ilin yekunlarına görə, 200 hektar neftlə çirklənmiş torpaq təmizlənib. Təmizləmə işləri əsasən Bibiheybət və Balaxanı neft yataqlarının yerləşdiyi ərazilərdə aparılıb. Bu barədə ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev “Amerikanın səsi” radiosuna bildirib.
Onun sözlərinə görə, Azərbaycanda neftlə çirklənmiş torpaqlar mexaniki və bioloji üsullarla təmizlənir. “Azərbaycan bioloji təmizləmə üsuluna daha çox üstünlük verir. Hazırda Salyan, Balaxanı, Ramana və Bibiheybət neft mədənlərinin ərazisində təmizləmə işləri aparılır”.
Cənab Babayev dənizdə istifadəsi başa çatmış platforma və neft quyularının ərazilərinin dəmir konstruksiyalardan təmizlənmə işlərinin aparıldığını da bildirib. Hər ay orta hesabla 3000 ton dəmir sahilə çıxarılır. “Bu sahə üzrə SOCAR ASM şirkəti ixtisaslaşıb. Artıq Bibiheybət yatağının dəniz hissəsindəki bütün dəmir konstruksiyalar təmizlənib. Hazırda işlər Qum adasında davam etdirilir və əsas gücümüzü Neft Daşlarının ərazisinin təmizlənməsinə yönəltmişik. Estakadalar və platformalar köhnə dəmir konstruksiyalardan təmizlənir və sahilə gətirilir. Bu il Neft Daşlarının 60 illik yubileyi qeyd ediləcək”.
Vitse-prezident neftçilərin işlədiyi yataqlarda radiasiya fonunun normal olduğunu deyib. “İstehsal ərazilərində yaşayan insanlar üçün də radiasiya təhlükəsi yoxdur. Ancaq istehsalat sahəsinin yaxınlığında daimi yaşamaq insan səhhəti üçün təhlükəlidir”.
Onun dediyinə görə, Bakı Buxtası sahilində yerləşən neftayırma zavodlarının köçürülməsi ilə bağlı dövlət komissiyası yaradılıb. Hazırda komissiya proqram üzərində işləyir. “Proqramda yeni neft-qaz emal kompleksinin yaradılması nəzərdə tutulur. Yeni kompleksin Qaradağ rayonu ərazində tikiləcəyini ehtimal edilir”.

XS
SM
MD
LG