Accessibility links

Dəyirmi Masa: Futbol diplomatiyası və Türkiyə-Ermənistan yaxınlaşması


Oktyabrın 14-də Osmanlı İmperiyasının qədim paytaxtı olan Bursa şəhərində Türkiyə və Ermənistan yığma komandaları dünya kuboku uğrunda seçmə yarışda üz-üzə gəldilər. Matçda hər iki ölkənin prezidentləri, Serj Sarkisyan və Abdulla Gül də iştirak etdilər. Futbol diplomatiyası adı almış bu təmaslar Türkiyə ilə Ermənistan arasında diplomatik anlaşma barədə protokolun imzalanması ilə məhsuldarlıq nümayiş etdirməkdədir. O biri tərəfdən, həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycan daxilində iki ölkə arasında yaxınlaşma həyəcanla izlənilir. Son olayları müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu və Azərbaycan-Atlantik Assosiasiyasının sədri Sülhəddin Əkbəri dəvət etdik.

Söhbət iştirakçıları Türkiyə-Ermənistan yaxınlaşmasının tarixi əhəmiyyətini vurğulayaraq bunun hər iki ölkənin siyasi həyatında ciddi dəyişikliklər üçün potensial yaratdığını söylədilər. Ərəstun Oruclunun sözlərinə görə futbol diplomatiyası bir əsrə yaxın davam edən düşmənçiliyə son qoyulmasında ilk addım sayıla bilər. Sülhəddin Əkbər isə hesab etdiyini bildirdi ki, Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanın mövqeyinə kifayət qədər diqqət yetirməlidir. Belə ki, həm siyasi çəkisi, həm iqtisadi imkanları, həm də Türkiyəyə yaxınlığı Bakı-Ankara münasibətlərinin sıx qalması mühümdür. O, əlavə etdi ki, Azərbaycanda türk-erməni danışıqları müəyyən narahatlıqla qarşılanır və bir çox azərbaycanlılar müttəfiq hesab etdikləri Türkiyənin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını nəzərdə saxlayacağına ümid bəsləyir.

Politoloq Ərəstun Oruclu Türkiyə-Ermənistan yaxnlaşmasında ABŞ-ın böyük rol oynadığını vurğuladı. O, habelə iddia edilən erməni soyqırımı məsələsi ilə bağlı birgə komissiyanın yaradılmasını Ankaranın uğuru kimi dəyərləndirdi. Cənab Oruclunun fikrincə, genosid məsələsinin siyasi müstəvidən tarixi-araşdırma müstəvisinə keçməsi tarixi həqiqətlərin ortaya çıxmasına və məsələyə daha obyektiv yanaşılmasına imkan yaradacaq. O biri tərəfdən, cənab Əkbər hesab edir ki, arxiv sənədlərinə çıxış əldə etməklə erməni tərəfi gələcəkdə maliyyə təzminatları ödənməsinə əsas toplamağa can atır.

XS
SM
MD
LG